Məhkəmə

MTN polkovniki: "O məmurların övladlarının cibindən narkotik tapdıq"

557
(Yenilənib 16:07 28.09.2017)
"Ortada video var idi deyə işi "sındıra" bilmədilər və bizim düşmənçiliyimiz o vaxtdan başladı"

BAKI, 27 sentyabr — Sputnik. Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Akif Çovdarov, idarə rəisləri — Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sputnik Azərbaycan Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.

İlk olaraq çıxışa polkovnik Səlim Məmmədov başlayıb. Deyib ki, ona qarşı düşmənçilik 2008-ci ildən yaranıb: "Həmin vaxt biz bir polis mayorunun oğlu ilə bağlı tədbir keçirdik. Onun ekstaz satması barədə bizdə məlumat var idi. Həmin oğlan və danışdığı şəxslərin telefon nömrələrini dinləməyə qoyduq".

"Bu xətt zəncirvari olaraq Bakı şəhər prokurorunun oğluna və Əzizbəyov rayonunun keçmiş prokurorunun oğluna gedib çıxdı. Hər şeyi səliqəli şəkildə, qanun çərçivəsində etdik. Axtarışların hamısında şəxsən özüm iştirak etdim. Gəlib gördüm, prokurorluq aləmi qatıb bir-birinə ki, "sən prokurorluqların uşaqlarına sataşmısan" — Məmmədov bildirib.

"Az qalırdı, məni xalq düşməni elan etsinlər. Ortada video var idi deyə işi "sındıra" bilmədilər. O uşaqların hərəsinin cibindən 300-350 tabletka çıxdı. Bizim düşmənçiliyimiz də o vaxtdan başladı. Mən də, Akif Çovdarov da, nazirimiz də daim dövlətə xidmət etmişik, bizə qarşı verilən istənilən qərardan asılı olmayaraq sadiq qalacağıq. Keçmiş "MTN-çi" olmur. Amma bizə qarşı qərəzli davranırlar" — o, əlavə edib.

Daha sonra S. Məmmədov deyib: "Ermənilərlə işləyib dövlətə xəyanət etməkdə ittiham edilən Rauf Mirqədirovu atasının yasına buraxdılar, amma anam öləndə məni buraxmadılar. Biz sizin uşaqlar üçün çalışıb narkotiklə mübarizə aparırdıq, siz bizimlə nəyin mübarizəsini aparırsınız? Biz işləyəndə il ərzində 1 tondan çox narkotik vasitə aşkar edib götürürdük, bizdən sonra isə ilə cəmi 30 kiloqram narkotik tapa biliblər. Azərbaycan xalqına həqiqət, hakimlərə ədalət, özümə isə bəraət istəyirəm".

557
Teqlər:
Səlim Məmmədov, polkovnik, Milli Təhlükəsizlik Nazirliyi, MTN, narkotik, məhkəmə
Əlaqədar
DTX-dan MTN-lə əməkdaşlıq etmiş şəxslərlə bağlı mühüm açıqlama
Keçmiş MTN generalı aclığa başlayacaq
Zərərçəkmiş: MTN-də dedilər ki, 300 min verməsən, qadınlar üzümə duracaqlar
MTN generallarının həbs müddəti uzadıldı
"MTN-çilərin işi" məhkəməyə göndərildi
MTN-in qurbanı olmuş biznesmen həqiqətləri ortaya çıxardı