BAKI, 26 sentyabr — Sputnik. Milli Məclisin deputatı Çingiz Qənizadə, keçmiş həmkarı Hacı Qalib Salahzadəni məhkəməyə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Report-a Ç. Qənizadənin vəkili Raqif Mustafayev bildirib.
Onun sözlərinə görə, müvəkkili xüsusi ittiham qaydasında Sabunçu Rayon Məhkəməsinə müraciət edib. R. Mustafayev qeyd edib ki, Ç. Qənizadə Q. Salahzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.
R.Mustafayev bildirib ki, Q. Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç. Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsidir.
Qeyd edək ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Bu gün bütün bölgələrdə olduğu kimi Qubada da şəhidlər böyük ehtiramla yad edilib. Güclü qar yağmasına baxmayaraq, şəhidlər xiyabanına böyük insan axını olub.
Ziyarət edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon rəsmiləri də iştirak edib. Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Onu da qeyd edək ki, şəhidləri yad etmək üçün Qubanın kəndlərindən də vətəndaşlar Şəhidlər xiyabanına üz tutublar.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb. Eyni zamanda, güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə elektrik enerjisinin verilməsində problem yalnız İsmayıllıda yaranıb. Bu isə mövcud hava şəraiti ilə bağlıdır:
"Hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb. Bu səbəbdən də xətdə açılma baş verib. Amma artıq bu istiqamətdə işlər görülüb. Açılma olub, bərpa olunub. İsmayıllıda 20 dəqiqədən sonra elektrik enerjisinin verilməsi təmin olunacaq. Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb. Bizim qurumun əməkdaşları mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər".