BAKI, 26 sentyabr — Sputnik. Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalana bilər. Bu barədə Modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.
Ə. Nuriyev bildirib ki, Komissiyasının Katibliyinə hər gün müraciətlər daxil olmaqdadır: "Müraciətlər həm məhkumlar, həm vəkilləri, həm nümayəndələri, həm ailə üzvləri, həm də qeyri-hökumət təşkilatları tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, Komissiyanın iclaslarına hazırlanır".
Komissiya üzvü qeyd edib ki, əfv sərəncamının verilməsi ölkə prezidentinin səlahiyyətinə daxildir: "İclaslarının çağırılması Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səlahiyyətindədir. Əfvin vaxtı isə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilir".
"Güman edirəm ki, Yeni il bayramı və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamının imzalanmasını gözləmək olar. Çünki bir qayda olaraq hər il bu ərəfədə cənab prezident əfv sərəncamı imzalayır. Təbii ki, indidən dəqiq fikir söyləmək olmaz, amma hər halda gözləyək" — Nuriyev vurğulayıb.
BAKI, 22 yanvar — Sputnik. İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin tabeliyində olan sənaye məhəllələri yeni yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, Neftçala Sənaye Məhəlləsinin, Mingəçevir Sənaye Parkının, Qaradağ Sənaye Parkının, Masallı Sənaye Məhəlləsinin, Pirallahı Sənaye Parkının, Hacıqabul Sənaye Məhəlləsinin və Sabirabad Sənaye Məhəlləsinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirəcək.
Qeyd edək ki, yeni agentlik nazirliyə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin bazasında yaradılıb.
BAKI, 22 yanvar — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə 0102 21 300 0 kodu ilə göstərilən safqanlı cins inəklər, 0102 21 900 0 kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), 0105 11 110 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və 0105 11 190 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək 0 dərəcə ilə idxal gömrük rüsumu tutulur.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.