BAKI, 11 iyun — Sputnik. 2011-2015-ci illərdə Moskvadakı Qorki adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının (MMİP) direktoru olmuş Olqa Zaxarova yeni bir layihənin reallaşdırılması — Bakıdakı Dənizkənarı bulvarın inkişafı konsepsiyasının hazırlanması ilə məşğul olacaq.
Sputnik Azərbaycan Rusiya KİV-nə istinadla xəbər verir ki, Zaxarovanı bu layihəyə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva dəvət edib.
O.Zaxarova MMİP-nin direktoru olduğu dövrdə həmin park hətta Kremli də geridə qoyaraq, turistlərin ən çox xoşladığı yerlərdən birinə çevrilib. 2015-ci il sentyabr ayında Olqa Zaxarova parkın direktoru vəzifəsindən getməzdən əvvəl verdiyi müsahibədə bildirib ki, o, parkın öz xərcini çıxaran müəssisəyə çevrilməsinə nail olub. 2011-ci ildə parkın mədaxili 135 milyon rubl olduğu halda 2014-cü ildə müvafiq göstərici 755 milyona çatıb.
"Bakıda işləmək mənim üçün ciddi çağırışdır. Bakının yeni əsas məkanının konsepsiyasının və təməl prinsiplərinin hazırlanması üzrə intensiv iş nəzərdə tutulur. Əsas vəzifə bu ölkənin ictimai məkanının standartını yaratmaq, lokal təşkilatların potensialını üzə çıxarmaq, yerli biznesi bu layihənin işlənib hazırlanmasında iştiraka və əməkdaşlığa ruhlandırmaqdır".
Daha sonra o bildirib ki, uğurlu biznes modeli qurmaq, habelə şəhərin bütün sakinlərini bu layihəyə cəlb etmək üçün müxtəlif səviyyəli təsisatlarla səmərəli əlaqə kanalları yaratmaq lazım gələcək.
Dənizkənarı bulvar Bakının ən görməli və turistik əhəmiyyətli yerlərindən biridir. 2008-ci ildə ölkə rəhbərliyi bulvarın yenidən qurulmasına 500 mln. dollar dəyərində vəsait xərcləyib.
Yenidən qurularkən bulvarın sahəsi 16 km-dən 25 km-ə qədər uzadılıb.
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.
BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".
Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".