BAKI, 22 may — Sputnik. Paytaxtımızda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar, şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi "Oyun zolaqları" çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.
Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi yeni məlumat yayıb. İdarə sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə cari il may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur.
Qeyd edək ki, daha əvvəl bu zolaqlarda sərbəst hərəkət etməyə mayın 26-dan icazə veriləcəyi bildirilirdi.
BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.
Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.
Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.
Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.