Əliyeva Rəfiqə Əlirza qızı, arxiv şəkli

Görkəmli akademiklə vidalaşdılar

230
(Yenilənib 16:59 07.05.2017)
Tanınmış kimyaçı alim Rəfiqə Əliyeva ilə vida mərasiminə Prezident İlham Əliyev başda olmaqla ölkənin öndə gələn isimləri qatılıb

BAKI, 7 may — Sputnik. Tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, AMEA-nın dairəvi zalında keçirilən vida mərasimində Prezident İlham Əliyev və ailə üzvləri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin spikeri Oqtay Əsədov, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, nazirlər, digər dövlət və hökumət nümayəndələri, alimlər, mərhumun ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rəfiqə Əlirza qızı Əliyeva mayın 6-da ömrünün 85-ci ilində vəfat edib.

Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb.

1960-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 2001 ci ildən "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.

Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub.

Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib.

450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib.

Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı — "Şöhrət" ordeni ilə təltif edilib.

Rəfiqə Əliyeva Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bacısı, prezidenti İlham Əliyevin bibisidir.

230
Teqlər:
Ramiz Mehdiyev, Heydər Əliyev, İlham Əliyev, Rəfiqə Əliyeva ilə vida mərasimi, Azərbaycan Milli Elmlər Akademiyası, Rəfiqə Əliyeva, Naxçıvan, Azərbaycan
Əlaqədar
Akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb
İlham Əliyev Cəlal Əliyevin məzarını ziyarət edib
Azərbaycan vətəndaşlarının testi

Üç yüzə yaxın əcnəbi Azərbaycan vətəndaşlığına qəbul olundu

2
(Yenilənib 20:37 21.06.2021)
Prezident İlham Əliyevin sərəncamı ilə həmçinin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 11 nəfər Vətən müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri də vətəndaşlığa qəbul edilib.

BAKI, 21 iyun — Sputnik. Ölkə Prezidenti 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sputnik Azərbayan-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, sərəncamların icrası ilə bağlı Dövlət Miqrasiya Xidmətində və regional miqrasiya idarələrində andiçmə mərasimləri keçirilib: "Onlar tam hüquqlu Azərbaycan vətəndaşı kimi sosial, iqtisadi və digər bütün sahələrin imkanlarından yararlana biləcəklər".

Vüsal Hüseynov vətəndaşlığa qəbul və bərpa edilənlərdən 11 nəfərinin şəhid və qazi ailəsinin üzvləri olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir.

Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.

2
ABŞ bayrağı

Birləşmiş Ştatlar Avropa İttifaqı Belarusa sanksiya tətbiq etdi

3
Brüsselin sanksiya siyahısında isə 78 fiziki şəxs və 8 təşkilatın adı var. Sanksiyalar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minib.

BAKI, 21 iyun — Sputnik. Avropa İttifaqı və Birləşmiş Ştatlar Belarus vətəndaşları və təşkilatlarına qarşı yeni sanksiyalar qəbul edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar 16 fiziki şəxsə, həmçinin Belarus Milli Təhlükəsizlik Komitəsinə, Belarus DİN-inin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə mübarizə üzrə Baş İdarəsinə, Belarus DİN-in Daxili Qoşunlarına, Minskin Akrestsin küçəsindəki cinayətkarların təcrid olunması Mərkəzinə də şamil olunacaq.

ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər siyahısında Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont, Belarus Parlamentinin yuxarı palatasının spikeri Natalya Koçanova, Belarus Milli Təhlükəsizlik Komitəsinin "Alfa" xüsusi dəstəsinin komandiri Sergey Zubkov, Minskin milis rəisi Mixail Qrib, Belarusun ədliyyə nazirinin müavini Sergey Kalinovski və Belarusun Baş Prokuroru Andrey Şvedinin də adları var.

Brüsselin sanksiya siyahısında isə 78 fiziki şəxs və 8 təşkilatın adı qeyd olunub. Sanksiyalar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minib.

Siyahıda olan şəxslərin Aİ-də bütün aktivləri dondurulacaq və onların Aİ-yə səyahəti qadağan olunacaq.

Ümumilikdə Aİ-nin Belarusla bağlı tətbiq etdiyi üç sanksiya paketi çərçivəsində Aleksandr Lukaşenko da daxil olmaqla 166 Belarus vətəndaşı və 15 təşkilata qarşı sanksiya qəbul olunub.

3