BAKI, 11 mart — Sputnik. Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50 faiz azaltmaqla bağlı razılığa gəliblər.
Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadla xəbər verir ki, məqsəd "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının fəallaşdırılmasıdır.
"İran Dəmir Yolları" şirkətinin sədr müavini Hüseyn Aşuri bildirib ki, qərar Moskvada 3 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qəbul edilib.
Sözügedən görüşdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan ərazisindən yüklərin daşınması prosesinin təşkili, eləcə də Astarada İranın sərhəd terminalının tranzit imkanlarının inkişafı da müzakirə edilib.
Üçtərəfli görüşdə yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələri və Hindistana, eləcə də əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə mövzusu olub.
BAKI, 25 fevral — Sputnik. İsrail mediası bu ölkə hökumətinin öz səfirliklərini Qüdsə köçürməyin əvəzində bəzi dövlətlərə COVID-19 peyvəndi verməyi planlaşdırdığından yazıb.
Anadolu Agentliyinin verdiyi xəbərə görə, İsrail İctimai Yayım Korporasiyasının məlumatına əsasən, Honduras yaxın vaxtlarda İsrailin ehtiyatlarından 5 min doza koronavirus peyvəndi alacaq. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, yaxın günlərdə peyvənd preparatlarını daşımaq üçün Hondurasdan İsrailə bir təyyarə göndəriləcək. Bundan başqa, Qvatemala və Çexiyanın da eyni şərtlərlə İsraildən peyvənd alacağı vurğulanır.
Mənbə Hondurasın ABŞ-dan sonra İsraildə səfirliyini açan ikinci ölkə olduğunu xatırladaraq Qvatemala və Çexiyanın da eyni addımı atacaqları ilə bağlı söz verdiklərini bildirib.
Digər tərəfdən, İsrailin müdafiə naziri Beni Hans Baş nazir Benyamin Netanyahunun belə bir addım atmasının qeyri-qanuni olduğunu bildirib. "Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür", - deyə Hans "Twitter" hesabında paylaşım edib.
Belə bir addımın hökumət tərəfindən müzakirə edilərək təsdiqlənməsinə ehtiyac olduğunu bildirən Hans "Yalnız təhlükəsizlik, siyasət və ya sağlamlıq baxımından məcburi vəziyyət yaranarsa, bu cür addım atmaq olar", - deyə vurğulayıb.
Netanyahunun mətbuat mərkəzindən verilən yazılı açıqlamada isə keçən aydan bəri istifadə olunmayan məhdud miqdarda peyvənd preparatının toplandığı, bu səbəbdən də müraciət edən bəzi ölkələrə simvolik miqdarda peyvənd verilə biləcəyi qeyd olunub.
BAKI, 24 fevral — Sputnik. "Azəriqaz" İB abonentlərə müraciət edib.
Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, belə bir kəskin hava şəraitində mənzildə istifadə edilən qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, "Azəriqaz" İB ilə əlaqə saxlanılsın:
"Bu sahədə əməkdaşlarımız lazım olan yardımı göstərəcəklər. Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, bizə müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq".
"Xahiş edirik ki, kimin belə bir xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və ya "Whatsapp" nömrəmizə (077 3 104 104) yazsın", - deyə qeyd olunub.