Qaz borusu, arxiv şəkli

Azərbaycanlılardan qənaət edilmiş qaz Avropaya göndəriləcək

384
(Yenilənib 11:10 29.12.2016)
Bakı şəhərinin qaz təchizatında itkiləri azaldaraq onu Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulur.

BAKI, 29 dek-Sputnik. Bakı şəhərinin qaz təchizatında itkiləri azaldaraq onu Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulur.

Sputnik xəbər verir ki, bu məsələ Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.

Sənəddə bildirilir ki, qazın paylanması zamanı baş verən itkilərdən əlavə, mövcud qazpaylama sistemində həmin dövrdə bütün istifadəçilərin sayğaclardan istifadə etməsi ilə səmərəli fəaliyyət tam təmin ediləcək. Bu, daha ətraflı məlumat əsasında şəbəkəyə effektiv nəzarət etmək, habelə yığım səviyyələrinin artımına nail olmaq imkanı qazandıracaq.

Yol xəritəsində qeyd edilib ki, səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarının (təbii qaz qurğularından) TAP və TANAP layihələri vasitəsilə Avropaya ixrac olunacaq.
Bütün bölgələr üzrə təbii qazın paylanması zamanı baş verən texniki itkilərin 8%-dək azaldılması (əgər hər hansı bölgə üzrə itki səviyyəsi 8%-dən aşağı olarsa,
bunun eyni səviyyədə qalacağı ehtimal edilir), bu cür tədbirlərin 2025-ci ildən sonrakı dövrdə həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Dövlət Neft Şirkətinin Tarif (qiymət) Şurasına müraciətində bildirilir ki, son illərdə şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb. Ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına səbəb olur. Bu baxımdan, təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması məqsədilə Dövlət Neft Şirkəti müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib.

"Azərenerji" ASC və "Azərişıq" ASC-nin müraciətlərində isə istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu göstərilib. Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə, yeni tarif tənzimlənməsində də sosial siyasət əsas götürülüb, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

 Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq. Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri etmiş və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. "Azərişıq" ASC-nin məlumatına görə əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır.

Bu baxımdan, diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq. İstehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək. Eyni zamanda tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.

Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib. Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib. İclasda, Dövlət Neft Şirkəti, "Azərenerji" ASC və "Azərişıq" ASC-yə itkilərin azaldılması üçün ciddi tədbirlərin görülməsi və növbəti üç il üzrə itkilərin azaldılması qrafikinin Tarif (qiymət) Şurasına təqdim edilməsi tapşırılıb.

Tarif Şurasının sonrakı qiymət tənzimləməsində isə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

384
Teqlər:
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq", Dövlət Neft Şirkəti, Tarif Şurası, TANAP, TAP, Avropa
Bakıda velosipedçilər, arxiv şəkli

Velosiped yolları ilə bağlı konsepsiya hazırlanıb

1
O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində alternativ nəqliyyat növləri sayılan velosiped yollarının və tramvay xətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, velosiped yolları ilə bağlı böyük bir konsepsiya hazırlanıb ki, bu da avtobus zolaqları ilə yanaşı, Bakı şəhərinin baş planına inteqrasiya edilib.

"Yaxın zamanlarda Bakı şəhərinin mərkəzində biz velosiped zolaqları ilə bağlı konkret əməli işlərin şahidi ola biləcəyik", - deyə T.Səfərov qeyd edib.

O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

1
Teqlər:
Bakı şəhəri, velosiped, BNA
Bakıda yerüstü piyada keçidi, arxiv şəkli

BNA yeraltı yerüstü keçidlərə qarşıdır

3
(Yenilənib 17:54 25.11.2020)
BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".

BAKI, 25 noyabr — Sputnik. Növbəti il üçün Bakı şəhərində üst piyada keçidlərin işıqlandırılması məsələsi tədbirlər planına daxil edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, yeraltı və yerüstü piyada keçidlərinə gəldikdə, BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".

3
Teqlər:
yeraltı keçid, yerüstü keçid, BNA