BAKI, 30 noy-Sputnik. İnvestisiya layihələrini "Tik — idarə et — təhvil ver" modelinə uyğun həyata keçirən investorları dövlət rüsumunu ödəməkdən azad edən qanun qüvvəyə minib.
Sputnik-in məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Sözügedən qanunun 3.3-cü maddəsinə əsasən, investisiya layihələrini "Tik — idarə et — təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddır.
BAKI, 18 yanvar — Sputnik. 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsinin qanunla qadağan edilməsi ilə əlaqədar mövcud vəziyyətin müzakirəsi məqsədilə polietilen torbaların iri istehsalçıları və ticarət şəbəkələrinin rəhbərləri ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində görüş keçirilib.
Bu barədə Sputnik Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
"Görüşdə qeyd olunan məsələ ilə bağlı əmtəə bazarındakı vəziyyət müzakirə olunub, sahibkarların təklifləri dinlənilib və onlara qanunvericiliyin tələbləri izah edilib, qanun pozuntusu aşkar ediləcəyi təqdirdə, ciddi məsuliyyət tədbirlərinin görüləcəyi bildirilib", - məlumatda deyilir.
Bundan başqa, Dövlət Xidməti tərəfindən polietilen torbaların idxalını həyata keçirən sahibkarların telefon nömrələrinə maarifləndirici SMS-lər də göndərilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərini qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.
BAKI, 18 yanvar — Sputnik. 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, 20 Yanvar günü səhərdən başlayaraq, Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər Xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bununla əlaqədar vətəndaşlarımızı həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, ölkədə tətbiq edilən karantin rejim qaydalarına əməl etməyə çağırırıq.
Diqqətə çatdırırıq ki, virusun yayılmasının qarşısının alınması məqsədilə ziyarətçilər sosial məsafəni gözləməli, mütləq qaydada tibbi maskalardan istifadə etməli, beş nəfərdən artıq qruplarda hərəkətdən çəkinməlidirlər.