Elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı xarici təcrübə öyrənilir

© Sputnik / Murad OrujovСайт интернет-аукциона eBay
Сайт интернет-аукциона eBay - Sputnik Azərbaycan
Abunə olmaq
Zahid Məmmədov: Bu təcrübənin öyrənilib Azərbaycan şərtlərinə uyğun olaraq həyata keçirilməsi məqsədəuyğundur.

BAKI, 7 okt-Sputnik. Avropa İttifaqı, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Sinqapur kimi ölkələrdə elektron ticarətdən, satışdan vergiyə cəlb olunma çox geniş şəkildə yayılıb.

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Zahid Məmmədov Sputnik-ə açıqlamasında deyib.

Professor bildirib ki, bu gün artıq insanlar restorana, dükana getmədən sifariş edir, istədiyi mal və xidmətləri satın alır: “Yəni, bu sistem çox geniş yayılıb və təcrübəsi var. Bu təcrübənin öyrənilib Azərbaycan şərtlərinə uyğun olaraq həyata keçirilməsi məqsədəuyğundur”.

O, qeyd edib: “Elektron ticarət elədir ki, burada gizlətmək olmaz, hamısı qeydiyyatdadır: “Kartlar ilə alış-veriş edəndə avtomatik olaraq bunu həyata keçirmək məcburiyyətindəsiniz. Bu yaxınlarda həkimə getmişdim. Həkim dedi ki, 50 manat pul verməlisiz. Kartı təqdim etdim ki, pulu çıxsın. Dedi ki, yox. Dedim ki, klinikasan, rəsmi olaraq pulu götür. Onda necə fəaliyyət göstərirsən? Deməli, qeyri-qanuni sahibkarlıq fəaliyyətidir. Ona görə də elektronda problem olmur. Hamısı qanun çərçivəsində həyata keçirilir. Ondan yayınmaq mümkün deyil”.

Qeyd edək ki, Vergilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Əflatun Məmmədov deyib ki, Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Qərbi Avropanın bir neçə ölkəsinin, o cümlədən İspaniyanın qabaqcıl təcrübəsini araşdırır və həmin təcrübələrin tətbiqi mexanizmi üzərində müvafiq işlər aparır.

O, bildirib ki, hazırda Azərbaycanda 186 internet portalı elektron ticarətlə məşğuldur. Vergilər Nazirliyi tərəfindən elektron ticarətin vergiyə cəlb olunması haqqında qanun layihəsi hazırlanır və hazırda aidiyyəti qurumlarla müzakirə olunur. Bununla yanaşı, Baş İdarə tərəfindən qabaqlayıcı tədbirlər görülərək araşdırmalar aparılıb, internet portallarının yaradılmasına nəzarət edən müvafiq qurumla birgə virtual məkanda e-ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi və bu sahədə ümumi vergi nəzarətinin qurulması istiqamətində işlərə başlanılıb. 

Qeyd edilib ki, bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 2016-cı ilin I rübü ilə müqayisədə II rübdə elektron ticarət fəaliyyəti göstərən vergi ödəyicilərinin dövriyyəsində 54,1%, hesablamalarda 53,8%, daxilolmada isə 69,1% artım müşahidə olunub.

Xəbər lenti
0