İlham Əliyev AŞPA-nın Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyətini qəbul edib

İlham Əliyev: Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək

22
(Yenilənib 16:57 25.09.2016)
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasını qəbul edib.

BAKI, 25 sen — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 25-də Aleksandr Nikoloskinin rəhbərlik etdiyi və AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın daxil olduqları Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasını qəbul edib.

Dövlət başçısı sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək referendumla bağlı Azərbaycan hökumətinin maksimum şəffaflığın təmin edilməsi üçün işlər gördüyünü bildirib.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək və bunun üçün bütün tədbirlər görülüb. 

Dövlət başçısı Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının ölkəmizə böyük nümayəndə heyəti ilə səfər etməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın Avropa Şurasının çox fəal üzvü olduğunu, 15 ildən artıq müddətdə bu təşkilatla tarixi əməkdaşlıq həyata keçirdiyini məmnunluqla qeyd edib.

Azərbaycan prezidenti bildirdi ki, bu illər ölkəmiz üçün inkişaf, müasirlik və transformasiya baxımından əhəmiyyətli illər olub. Prezident İlham Əliyev ölkəmizin Avropa təsisatları ilə müxtəlif formatlarda sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının rəhbəri Aleksandr Nikoloski başçılıq etdiyi nümayəndə heyətinə müxtəlif siyasi qrupların daxil olduğunu dedi. Aleksandr Nikoloski referendumu müşahidə etmələri üçün yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə, Azərbaycan parlamentinə minnətdarlığını bildirdi. O, referendumun keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını dedi və qeyd etdi ki, Azərbaycan Avropa Şurası üçün çox önəmli ölkədir.

Görüşdə Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

22
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Bəyanata müdaxilə etmək cəhdləri var"

0
(Yenilənib 13:16 01.12.2020)
"Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib".

BAKI, 1 dekabr — Sputnik. "Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər. Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir", - deyə Prezident qeyd edib.

0
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

0
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

0
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat