Rahim Zakiroğlu-Sputnik Azərbaycan
BAKI, 4 avq-Sputnik. Bu gün səhər saatlarında Lənkəran rayonu ərazisində ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib. Qəza Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində baş verib.
"VAZ-2107" markalı 90-RC-124 dövlət nömrə nişanlı minik avtomobili ilə "İVECO" markalı H 013-406 nömrə nişanlı yük avtomobili toqquşub. Nəticədə iki nəfər elə hadisə yerində dünyasını dəyişib.
Hadisə zamanı həyatlarını itirənlər Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü İbadov Famil Balarəhi oğlu və onun sərnişini, Lerik rayon Bobogil kənd sakini Bəndiyev Rasif Arif oğludur.
Qeyd edək ki, qəzada deformasiyaya uğrayan "VAZ-2107" markalı avtomobilin içərisində sıxılıb qalan meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb. "IVECO" markalı yük avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Lənkəran rayon sakini Dadaşov Seymur Nizami oğlu yüngül xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb.
BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.
Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.
Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.