BAKI, 18 iyun-Sputnik. Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir.
Sputnik-in məlumatına görə, artıq səsvermə başlayıb. Seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumatlar gün ərzində məntəqə və dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən təqdim ediləcək. Səsvermə saat 19:00-da başa çatacaq.
Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparır.
Bunlar Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov (Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri), Ümid Partiyasının namizədi İqbal Ağazadə (Ümid Partiyasının sədri), o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəflər — Rəşad Abdullayev (Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim), Elmir Gözəlov ("Azəravtoyol" ASC-nin "Yolların Mühafizəsi Xidməti" MMC, baş mütəxəssis), Rəşid Gözəlov ("Azərpoçt" MMC-nin Ağdaş poçt filialı, müfəttiş), Əli Haqverdiyev (Ağdaş rayon mərkəzi xəstəxanası, həkim) və Anar İbrahimlidir (Ağdaş Dövlət Humanitar Kolleci, müəllim).
Parlament seçkilərini izləmək üçün 741 yerli müşahidəçi və Avropa Şurası Parlament Assamblesyasının (AŞPA) 4 müşahidəçisi (AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak, belçikalı senator, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi və AŞPA Katibliyinin əməkdaşı Boqdan Torkatoriu) akkreditasiyadan keçib.
90 saylı Ağdaş seçki dairəsində 40 seçki məntəqəsindən 10-da veb-kamera quraşdırılıb.
Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsində 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərin nəticələri ciddi qanun pozuntuları səbəbindən MSK tərəfindən ləğv edilmişdi. Onda sözügedən dairədə lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayev idi.
BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”.
APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.
Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq.
Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək.
Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq.
Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq.
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər.
Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq.
Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk, Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.
BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.
Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.
Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.
"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.
Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.
“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.