Milli Məclis

Deputatlar İranı Ermənistanla sərhədləri bağlamağa əlaqələri dayandırmağa çağırdı

130
(Yenilənib 17:57 14.06.2016)
Spiker Oqtay Əsədov deputatların antiiran çıxışlarına etiraz etdi: İran parlamentində Azərbaycanla bağlı belə çıxış etmirlər.

BAKI, 14 iyun-Sputnik. "İran rəsmiləri söhbətlərində bildirirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz?! Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, həmin ölkədən silah alaq və torpaqlarımızı işğaldan azad edək. Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir? Ona görə əməkdaşlıq edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlasın?!"

Bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü növbədənkənar iclasındakı çıxışı zamanı deyib.

"İranın ali dini lideri ayətullah Xamenei bu günlərdə deyib ki, etnik milli-tektonik xətlər var və bu münasibətləri gərginləşdirmək istəyən qüvvələr var. Bu səyləri İran özü göstərir." — deyə Həsənquliyev bildirib.

Deputat deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə İranın ali dini liderinə müraciət etməlidir: "Qarabağda məscidlərimizin çoxu donuzxanaya çevrilib, biz niyə buna qarşı susmalıyıq? Bu gün İran rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü siyasət dost siyasəti deyil. Əslində, Azərbaycanla dost münasibətləri İranda sabitliyə, regionun inkişafına xidmət edən amildir. İran orada yaşayan 30 milyon azərbaycanlının milli kimliyinə hörmət etməyəcəksə, bunun acı nəticəsini görəcək".

Millət vəkili Fazil Mustafa çıxış edərək İranın Azərbaycana yönəlik siyasətində korrektələr etməsinin mühümlüyünü qeyd edib: "İran Azərbaycanla Ermənistanı eyni səviyyədə tutmamalıdır. İran Azərbaycanın İsraillə münasibətlərindən narahatdır, ancaq Azərbaycan aprel hadisələrində Ermənistana bu silahlarla zərbə endirdi. İranın Azərbaycan siyasətinin dəyişməsinə təsir edən istiqamətləri formalaşdıra bilərik. İran Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb."

Millət vəkili Zahid Oruc isə deyib ki, İrana qarşı sanksiyalar tətbiq olunanda Azərbaycan qonşu ölkəyə qarşı hər hansı bir oyunda iştirak etmədi. "Azərbaycan öz siyasətində İsrail faktorunu nəzərə alsa da, biz İrandan bunun qarşılığını görmürük. İran parlamenti, siyasətçilər və dini elita bunu nəzər almalıdır. Biz İranofobiya tərəfdarı deyilik. Ancaq haqqı da deməyi bacarmalıyıq. O, bildirib ki, İran da Türkiyə kimi Ermənistanla sərhədi bağlasaydı, o zaman Qarabağ münaqişəsinin həllini yaxınlaşdırardı." — deyə Zahid Oruc bildirib.

Zahid Oruc onu da deyib ki, İran prezidenti Həsən Ruhani Ermənistanın xarici işlər naziri ilə görüşəndə Ermənistan prezidentinə xüsusi salam göndərir və ardınca da Yerevana gedəcəyini bildirir.

Parlament sədri Oqtay Əsədov isə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər edəcəyinə inanmadığını deyib.

İranın müstəqil siyasəti olan dövlət olduğunu vurğulayan Oqtay Əsədov deyib: "İranla bağlı bəzi məsələlər həllini tapmalıdır. İran parlamentində Azərbaycanla bağlı belə çıxış etmirlər. Məsələlərin öz həll yolu var. Bu sazişlərin təsdiq edilməsi də bununla bağlıdır".

Qeyd edək ki, bu gün Milli Məclisin iclasında Azərbaycanla İran arasında bir sıra saziş layihələri müzakirə və təsdiq edilib. Deputatlar həmin layihələrin müzakirəsi zamanı İranla bağlı fikirlərini bölüşüblər. 

130
Teqlər:
Milli Məclisin sədri Oqtay Əsədov, Qüdrət Həsənquliyev, Zahid Oruc, spiker, Fazil Mustafa, İran, İsrail, Ermənistan, Milli Məclis, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Həsən Ruhani, Qarabağ
Əlaqədar
Milli Məclisin növbədənkənar iclası keçirilir
Azərbaycan İranla ciddi bir sazişi təsdiqlədi
Rusiya-İran ittifaqına qarşı Türkiyə-İsrail həmrəyliyi