Avro-2016 futbol turnirinin rəsmi topu

Azərbaycanlılardan Avropa futbol çempionatına dair maraqlı proqnozlar

89
(Yenilənib 16:15 13.06.2016)
Ürəklər Türkiyə, dillər Fransa, Almaniya, İspaniya, Portuqaliya, Belçika və İngiltərə deyir.

BAKI, 13 iyun-Sputnik. Avropada futbol bayramı davam edir. Avropanın ən güclü futbol komandaları bir ay boyunca Avropa çempionu olmaq uğrunda mübarizə aparacaqlar. Azərbaycanda da bu oyunlara maraq kifayət qədər çoxdur. Sputnik-in əməkdaşı futbol izləyicilərinin çempionatın nəticələri ilə bağlı gözləntilərini öyrənib.

PR mütəxəssisi Vüqar Baba: "Almaniya və Fransanın finalda oynaya biləcəyini düşünürəm. Almaniyanın heyəti hər zamankı kimi güclüdür. Həm də bütün mövqelərdə. Fransanı isə zəif olmayan heyəti və ev sahibi olması amilinə görə ən real namizədlərdən biri kimi görürəm. Bunu hakimlərin AÇ və DÇ-də meydan sahiblərinə simpatiyası amilini də nəzərə alaraq deyirəm.
Eyni zamanda Belçika ilin sürprizi ola bilər. Yarımfinallara qədər yüksələcəyinə inanıram. Özüm isə, Türkiyəyə azarkeşlik edəcəyəm. Eyni zamanda Portuqaliya və Almaniyaya da rəğbətim var."

Jurnalist Sahib Əsədbəyli: "Almaniya qalib olmağa namizəddir. Optimal, oturuşmuş heyətə malikdirlər. 20 ildir turnirdə çempion ola bilmirlər, bu da Yoahim Lövün komandası üçün yaxşı motivasiyadır."

Şair Emin Piri: "İstəklə olsa, Türkiyənin qalib olmasını istərdim. Amma istəkləri kənara qoysaq məncə ən uğurlu komandalardan biri Fransa millisidir. Çünki, Fransada keçirilən yarışlar zamanı Fransa qalib olmağı bacarıb. Ev amili əsas amillərdən biridir. Eyni zamanda İtaliya, İspaniya, Almaniya komandaları kimi həmişə favorit sayılan komandalar da var ki, onları da Fransadan sonra qalib olmağa iddialı sayıram."

Mühasib Azər Kərimov: "Məncə bu il çempion Portuqaliya olacaq. Çünki, Portuqaliya yığmasında olan futbolçular bu ili yüksək səviyyədə keçiriblər. Quarejma sürət götürüb. Ronaldo, Pepe Çempionlar Liqası kubokundan sonra Avropa Çempionatının kubokunu qaldırmağa daha çox həvəslidirlər. Qarşıdan Super Kubok oyununun gəldiyini nəzərə alsaq, bu il futbol ilidir."

İdman jurnalisti Elçin Cəlilov: "Fikrimcə, çempionluğa daha yaxın Fransa və Almaniyadır. Çünki hər iki komandanın heyəti çox güclüdür. Ancaq sürprizləri də istisna etməyək. Məsələn, Portuqaliya, İngiltərə də kifayət qədər güclüdür. İspaniya daimi favoritlərdəndir. Belçika isə son 15-20 ilin ən güclü heyətinə sahibdir. Amma real güc Fransada və Almaniyadadı."

İdman jurnalisti Kənan Məstəliyev: "Məncə, bu il İspaniya çempion olacaq. Bu komanda son 10 ildə bütün turnirlərdə favoritdir və əksər hallarda da bu adı sübut edib. Son vaxtlar "buğalar" əvvəlki günlərindən, formalarından uzaqdırlar. Ancaq İspaniya, yenə də İspaniyadır. Hamı başqalarından qələbə gözləyir və pireneylilər ikinci plandadırlar. Ancaq məncə onlar finala qədər gedib çıxacaqlar. Bunun üçün yetərli güc və oyunçu heyətləri var."

89
Teqlər:
Pepe, Portuqaliya, Avropa çempionatı, Cristiano Ronaldo, Fransa, Belçika, Türkiyə, İspaniya, Almaniya, futbol
Əlaqədar
Futbol üzrə Avropa çempionatı başlayır
Fransa çempionata qələbə ilə başladı
Türkiyə Avropa çempionatına məğlubiyyətlə başladı
UEFA Rusiya və İngiltərəyə xəbərdarlıq edib
Rusiya məğlubiyyətdən son dəqiqələrdə qurtardı
Qərənfil

Hər şey yenidən canlanır: "Son anda" həyat qazanan insanın hekayəsi

3
(Yenilənib 15:42 16.01.2021)
Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin "şahidi" olan həmin maşını sənədli filmdə görə biləcəklər

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli filmin çəkilişlərinə başlayıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Son anda" adlı filmdə 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.

Sənədli filmdə Nazim Ələkbərovun obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.

Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki "Zaporojets" markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən "Son anda" adlanır.

Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin "şahidi" olan həmin maşını sənədli filmdə görə biləcəklər. Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. Arxiv kadrları da "Son anda" filmində yer alacaq.

Filmin ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filmin operatoru Cavid Əliyevdir. "Son anda" sənədli filmi yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq.

3
Teqlər:
AzTV, sənədli film, 20 Yanvar

“BakuBus” rəhbəri işdən çıxarıldı

3
MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisinə tapşırılıb

BAKI, 16 yanvar - Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” MMC-nin rəhbəri vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, MMC-nin rəhbəri Azər Qasımov tutduğu vəzifədən azad edilib.

MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisi Tural Mahmudova tapşırılıb.

Qeyd edək ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

3
Teqlər:
vəzifədən azad edilmə, rəhbər, "BakuBus" MMC