BAKI, 29 apr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda süni sıxlığın yaranması, yollarda avtomobillərin qanunsuz parklanmasının və piyadaların piyada keçidlərindən istifadə etməməsi hallarının qarşısını almaq məqsədilə reydlərə başlayıb. Sputnik Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O söyləyib ki, kütləvi informasiya vasitələri və qeyri hökumət təşkilatlarının (QHT) da iştirakı ilə keçirilən reyd həmçinin yol hərəkərinin təhlükəsizliyinin təbliğatı xarakteri daşıyır: "Bakı şəhəri ərazisində süni sıxlığın yaranması, dayanma, durma və parklanma tələblərinin pozulmasından yaranır. Ona görə də, paytaxtın inzibati ərazisi bütövlükdə nəzarətə götürülərək yol polisi əməkdaşları bu istiqamət üzrə xidmət aparır".
"Metro stansiyalarının çıxışları, keçidlər, avtobus duracaqları ətrafında dayanma-durma tələblərini pozan, avtobus dayanacaqlarını zəbt edən, eləcə də piyada keçidlərindən istifadə etməyənlərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ADA və Qafqaz universitetlərinin tələbələri, kütləvi informasiya vasitələri və QHT nümayəndələri ilə birlikdə təbliğat işlərinə başlayıb", —deyə V. Əsədov bildirib.
Onun sözlərinə görə, təbliğat çərçivəsində qaydaları pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar: "Bu səbəblərdən Yol Polisi avtobus və şəxsi avtomobil sürücülərinə, eyni zamanda, piyadalara bu barədə məlumatlar verir, onların qaydalara riayət etməsini istəyir".
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.
Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.