Türkiyə-Rusiya

Moskva ilə Ankara arasında yeni qalmaqal

70
(Yenilənib 18:52 21.04.2016)
Sputnik Türkiyə-nin baş redaktoru Tural Kərimovun Türkiyəyə girişinə qadağa qoyulması Rusiya hökumətinin etirazına səbəb olub. Türkiyəli ekspert isə, jurnalistin ölkəyə buraxılmamasını düzgün qarşılamasa da, saytın birtərəfli və qərəzli yazdığını bildirir.

BAKI, 21 apr — Sputnik. "Bu hərəkətlər Türkiyədə mətbuat azadlığının olmadığını göstərir". Sputnik xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova, Sputnik Türkiyə-nin baş redaktoru Tural Kərimovun Türkiyəyə girişinə icazə verilməməsi məsələsini şərh edərkən deyib.

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova
© Sputnik / Mikhail Voskresenskiy
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova

"Onlar nə istəsələr, onu da edirlər. Belə hərəkətləri qanunsuzluq kimi qiymətləndiririk. Bu addımlar Ankaranın mətbuat azadlığına təzyiq siyasəti həyata keçirdiyini göstərir", —Zaxarova qeyd edib.

O, əlavə edib ki, Türkiyədə baş verənlər təkcə Rusiyanın problemi deyil: "Avropa Birliyi Türkiyədə jurnalistlərə qarşı olan bu təqyiqləri niyə görmür?".

"Tural Kərimovu şəxsən tanıyıram. Çox savadlı və alicənab insandır. Onun belə bir halla qarşılaşması məni də çox məyus etdi". Bu sözləri isə, Sputnik-ə açıqlamasında Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl deyib.

Türkiyədə mətbuat işlərinə baxan Mətbuat Yayım İnformasiya Mərkəzi (Basın Yayın Enformasyon Merkezi" olduğunu deyən politoloq, istənilən jurnalistin fəaliyyətini durdurma qərarını ancaq bu mərkəzin verə bildiyini söyləyib: "Sputnik Türkiyə-nin fəaliyyəti dayandırılıbsa, bu o deməkdir ki, Turalın da səlahiyyətləri dondurulub. Və onun ölkədə qalma icazəsi avtomatik olaraq bitib. Türkiyənin mətbuat işlərinə baxan dövlət orqanı rəsmi açıqlama vermədiyi üçün dəqiq fikir ifadə edə bilmirəm".

Bununla belə, T. İsmayıl, agentliyin fəaliyyətinin nəyə görə dayandırıldığını belə izah edib: "Ehtimal edirəm ki, Sputnik ətrafında yaşananlar agentlikdə dərc edilən materiallarla əlaqəlidir".

Toğrul İsmayıl, politoloq
© Photo : şəxsi facebook səhifəsindən
Toğrul İsmayıl, politoloq

Onun sözlərinə görə, son vaxtlar, Sputnik Türkiyə-nin saytında olduqca sərt, təktərəfli yazılar gedirdi: "Düzdür, bu, Rusiyanın mövqeyidir, bunu anlamaq olar. Amma yaddan çıxarmaq olmaz ki, jurnalistikada əsas məsələ obyektivliyi qorumaqdır. Tərəflərin qarşılıqlı fikirlərinə yer verməkdir".

"Hər hansı hökuməti və ya dövlət başçısını tənqid etmək olar, amma təhqirə yer vermək olmaz. Dünyanın ən inkişaf etmiş, demokratik ölkələrində də, Rusiyanın özündə də buna icazə verilməz. Üstəlik Türkiyədə PKK məsələsi çox həssasdır. Bu mövzunu türk xalqının uyğun görmədiyi, başqa yöntəmlərlə oxucuya çatdırmaq doğru deyildi", —politoloq vurğulayıb.

T. İsmayıl sonda qeyd edib ki, hər şeyə rəğmən, T. Kərimovun ölkəyə girişinə qadağa qoyulmasını doğru hesab etmir: "Agentliyin bağlanmasını anlamaq olar, amma jurnalistin hava limanından gəldiyi yerə göndərilməsi məncə, yanlışdır".

 

70
Teqlər:
Tural Kərimov, Sputnik Türkiyə, Toğrul İsmayıl, Mariya Zaxarova, Ankara, Moskva, Rusiya, Türkiyə, qalmaqal
Əlaqədar
Türkiyə Sputnik-ə girişi məhdudlaşdırıb
Sputnik Latviya fəaliyyətini bərpa etdi
Moskvadan Ankaraya mühüm mesaj
Moskva aeroportunun tikintisi türk şirkətinə həvalə edildi
Rəsmi Moskva Suriya münaqişəsindən çıxmaq istəyir
Moskvadan Ankaradakı terror aktı barədə gözlənilən açıqlama gəldi

Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal: Səfir XİN-ə çağırıldı

3
Səfir rəsmi Praqanın rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı qərarına etiraz bildirmək üçün XİN-ə dəvət edilib. 

BAKI, 18 aprel - Sputnik. Bu gün Çexiyanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, səfir rəsmi Praqanın rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı qərarına etiraz bildirmək üçün XİN-ə dəvət edilib. 

Bundan əvvəl diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

3
Misirdə qatar qəzası

Misirdə faciə: ölən yaralananlar var

3
(Yenilənib 20:53 18.04.2021)
Misirin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, qatar qəzasında 32 nəfər həlak olub, 109 nəfər yaralanıb.

BAKI, 18 aprel - Sputnik. Misirin paytaxtı Qahirənin şimalındakı Qalubiyyə əyalətində qatarın relsdən çıxması nəticəsində 32 nəfər həlak olub, 109 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb. Yolda olarkən səkkiz vaqon relsdən çıxıb. Sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb.

Misirin səhiyyə naziri Halə Zayid hadisə yerinə gəlib. Hadisə yerinə 57 təcili tibbi yardım maşını göndərilib və yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Bu Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.

3