Выступление Президента Ильхама Алиева на XIII Саммите Организации исламского сотрудничества

İlham Əliyev: Terrordan ən çox əziyyət çəkən elə müsəlmanlardır

38
Azərbaycan prezidenti: İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır.

BAKI, 14 apr-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin birinci sessiyasında çıxış edib.

Sputnik-in məlumatına görə, son illərdə Türkiyənin beynəlxalq aləmdə artan nüfuzu sayəsində "Böyük İyirmiliyin" üzvü kimi qlobal inkişafa mühüm töhfə verdiyini deyən dövlət başçısı Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab etdiyini vurğulayıb.

"Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olub.

 Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir", — deyə o vurğulayıb.

Prezident İ. Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Ermənistan 20 ildən artıqdır Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını deyən dövlət başçısı qeyd edib ki, bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi — Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:

"Ermənistan Xocalı soyqırımını törədib. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələrdə erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm."

Azərbaycan prezidenti Ermənistanın təcavüzü ilə əlaqədar İƏT-də qəbul onunan qərarı minnətdarlıqla qarşılayıb:

"İşğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olublar. Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm".

Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir. "Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcək. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək".

38
Teqlər:
Bakı, IV İslam Həmrəylik Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Xocalı, BMT Təhlükəsizlik Şurası, BMT, Dağlıq Qarabağ, İstanbul, Türkiyə, Ermənistan, Azərbaycan, İlham Əliyev, İƏT, İslam Əməkdaşlıq Təşkilatı