BAKI, 14 apr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, vasitəçilərin təşəbbüsünə hörmətlə yanaşaraq və beynəlxalq humanitar hüququn normalarına riayət edərək döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edildikdən dərhal sonra Azərbaycan tərəfi həlak olan və itkin düşən hərbi qulluqçuların taleyinə aydınlıq gətirilməsi ilə bağlı üzərinə düşən bütün məsələlərin icrasını həyata keçirib.
Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, bu günə kimi "hamının-hamıya" prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib. Eyni zamanda daha bir erməni hərbi qulluqçusunun meyitinin tapılaraq Azərbaycan tərəfində olması barədə prosesin iştirakçıları məlumatlandırılıb və onun qaytarılmasına hazır olduğumuz bəyan edilib.
"Lakin döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz — kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır", —deyə Komissiyadan bildirilib.
Əlavə olunub ki, Azərbaycan tərəfinin razılaşmanın tələblərinə hörmətlə yanaşdığını və şərtlərə tam əməl etdiyini nəzərə alaraq, qarşı tərəf də eyni addım atmağa dəvət edilib: "Həmçinin, aidiyyəti beynəlxalq qurumları kiçik gizir S. Baxışovun taleyinə aydınlıq gətirilməsi, onun axtarılaraq yerinin müəyyən olunması və tezliklə geri qaytarılmasına köməklik göstərilməsi məsələsində prinsipiallıq nümayiş etdirməyə çağırırıq".
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.
BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".
Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".