Əsgər

Düşmənlə toqquşmada Azərbaycan ordusunun iki hərbçisi həlak olub

60
(Yenilənib 10:30 28.03.2016)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

BAKI, 28 mart-Sputnik. Düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olub.

Sputnik-in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Burada qeyd olunub ki, son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb.

Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır.

Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib.

Düşmənlə baş verən döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verib və səbr diləyib!

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə müvafiq qiymət verməyə çağırır.

60
Teqlər:
Silahlı Qüvvələrimiz, Erməni silahlı bölmələri, Qazax, şəhid, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Müdafiə Nazirliyi, Ermənistan, Azərbaycan, erməni
Əlaqədar
Kiçik çavuş şəhid olub
Azərbaycan ordusu şəhid verdi
Azərbaycan əsgəri şəhid olub
Azərbaycan ordusunun daha bir əsgəri şəhid olub
Bu gün Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

1
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

1
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

7
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

7
Teqlər:
qarğıdalı, fermer, Balakən