BAKI, 26 mar — Sputnik. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) analitikləri dünya ölkələrində inflyasiya ilə bağlı hesabatlarını açıqlayıblar.
"Report" xəbər verir ki, dərc olunan cədvələ əsasən, ötən il Azərbaycanda inflyasiya 3,9% təşkil edib.
Keçmiş SSRİ ölkələri arasında ən yaxşı göstəricini Litva (-1%), Estoniya (0,5%, 54-cü yer) və Latviya (0,7%, 61-ci yer) nümayiş etdirib. Gürcüstanda inflyasiya səviyyəsi 4,1%, Qazaxıstanda 5,3%, Ermənistanda isə 5,6% təşkil edib.
Ən pis nəticəni 49% qiymət artımı ilə yalnız Venesuelanı qabaqlayaraq 225-ci yerdə duran Ukrayna sərgiləyib. Tacikistanda inflyasiya səviyyəsi 8,9%, Özbəkistanda 11%, Belarusda 15%, Rusiyada 15,4% təşkil edib.
Reytinqdə istehlakçı qiymətlərinin artım tempinin yüksəlməsi üzrə sıralanan 226 dövlət daxildir.
BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.
BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.