Kredit borclarının yaratdığı depressiyadan necə çıxmalı

Kredit borclarının törətdiyi dəhşətlər

267
(Yenilənib 14:55 17.03.2016)
Zaminin borclunu bıçaqlaması, borclunun intihar etməsi kimi hallar durmadan artır.

BAKI, 16 mart-Sputnik. Son günlər banklarla müştəriləri arasında yaşanan kredit böhranı artıq dövlət başçısının müzakirəsinə çıxarılmaq üzrədir. Ölkənin tanınmış iqtisadçıları prezident İlham Əliyevə müraciət edərək, ondan problemli kreditlərlə bağlı addımlar atılması, habelə faktiki kredit borcu böhranının aradan qaldırılması üçün bəzi qərarlar verməsini xahiş ediblər. Lakin bu müzakirəyə qədər ölkədəki dramatik vəziyyət davam edir.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında bildirib ki, bu problem tezliklə həll olunmasa, daha ciddi nəticələrə gətirib çıxaracaq:

"Əslində kreditlərin problemi getdikcə artacaq, çünki geri qaytarılmayan kreditlərin həcmi son bir ildə iki dəfədən çox artıb. Keçən ilin əvvəlində geri qaytarılmayan kreditlər təqribən 800-900 milyon civarında idi, indi artıq son bir ildə iki milyard manata yaxın artıb. Banklar və vətəndaşlar arasında müəyyən ortaq məxrəcə gəlmək üçün də danışıqlar olmalıdır, burada vətəndaşlar təşkilatlanmalıdırlar. Həm dövlət, həm bank sistemi, həm də vətəndaşlar müəyyən komissiya yaratmalıdırlar. Mütəxəssislərin də cəlb olunması ilə bu problemi həll etmək lazımdır, yoxsa bu, həm iqtisadiyyatda, həm insanların şəxsi həyatlarında daha ciddi nəticələrə gətirib çıxaracaq".

Kredit borclarına görə ard-arda intihar hadisələri də yaşanır. Bu prosesin davam edəcəyi gözlənilir, çünki hazırda ölkədə xeyli sayda kredit borcu olan şəxs var.

Psixoloq Azad İsazadə Sputnik-ə açıqlamasında bildirib ki, bu məsələ yetərincə araşdırılmır:

"Məişətdə, həyatda hər bir hadisə sui-qəsd üçün səbəb ola bilər. Depressiyada olan cəmiyyətdə bu hala tez-tez rast gəlinir. Bu gün real kredit götürənlərin arasında sui-qəsdlərin sayının çoxaldığına görə biz onları sui-qəsd risk qrupuna salmalıyıq. Təəssüf ki, bu məsələ elmi baxımdan araşdırılmır, risk qrupları dəqiqləşdirilmir və heç bir profilaktiki iş aparılmır".

Ekspertin fikrincə, Azərbaycanda belə insanlara kömək və dəstək olan vahid sistem olsaydı, oxşar hadisələr baş verməzdi.

Manatın məzənnəsinin enməsindən sonra kredit götürənlərin böyük əksəriyyəti müəyyən səbəblərlə borclarını ödəməkdən imtina edir. Borcluların bəziləri girovlarını banklara təhvil verəcəyini, bir qrup insan isə çıxış yolu tapmayıb intihar edəcəyini bildirir. Lakin bu azmış kimi kredit böhranı səbəbindən zaminlər də zərər görür. Ölkədə banka olan borcunu ödəyə bilmədiyi üçün zaminin borclunu bıçaqlaması halları da artıb. Hüquqşünas-ekspert Əkrəm Həsənovun sözlərinə görə, bizim əhalinin əksəriyyəti zaminliyin mahiyyətini düzgün başa düşmür:

"Bank üçün zamin və borclu fərqi yoxdur. Bank onların hər ikisindən borcun qaytarılmasını tələb edir. Qanunvericiliyə görə, borclu borcunu ödəmirsə, zamin ödəməlidir. Bank borcun ödənilməsini hər ikisindən tələb edə bilər.

Zaminliyin təyinatı da budur. Azərbaycanda əhalinin mütləq əksəriyyəti, hətta ali təhsilli vətəndaşlarımız zaminliyin mahiyyətini düzgün başa düşmür. Başa düşmür ki, zamin olmaqla bütün əmlakı ilə məsuliyyət daşıyır və bir növ banka borclu olur. Təəssüf ki, banklar da vətəndaşa zamin olmaqla üzərinə hansı öhdəliyi götürdüyünü düzgün izah etmirlər".

Ekspertin fikrincə, Azərbaycanda bu problem ona görə yaranıb ki, banklar məsuliyyətsiz kredit siyasəti aparıblar, kreditləri verəndə qanunları pozublar və həddən artıq borc məbləğlərini şişirdiblər. Mərkəzi Bank isə buna göz yumub.

Yaranmış vəziyyətdən çıxış yolunu isə ekspertlər konsolidasiyada görürlər. Yəni dövlət, banklar və kredit təşkilatları, eləcə də əhali özü digərlərinə anlayış göstərərək ortaq məxrəcə gəlməlidirlər. Əks halda onlar hamısı zərər çəkəcək.

Qeyd edək ki, yanvarın əvvəlindən Azərbaycanda 41-i kişi, 16-sı qadın olmaqla azı 57 nəfər intihar, yaxud buna cəhd edib. Onlardan 20 nəfəri banka borcu və maddi çətinliklərə görə canına qəsd edib.

267
Teqlər:
Psixoloq Azad İsazadə, Natiq Cəfərli, Əkrəm Həsənov, borc, Prezident İlham Əliyev, iqtisadçı, Mərkəzi Bank, kredit, bank
Əlaqədar
"Bir qəpik də kredit ödəməyəcəm, lap, tutub içəri atsınlar"
Dollarla kredit götürən vətəndaşlarımızın aqibəti yaxşı olmayacaq
Banklar məhz bu sahəyə kredit vermək istəmir
"Azərbaycan Kredit Bankı"na kreditlərini ödəməyənlər məhkəməyə verilir
Kredit borcu olan 4 min nəfərin ölkədən çıxmasına qadağa qoyulub