Bina

Evlərin qiymətindən sizin xəbəriniz olsun

6508
(Yenilənib 10:29 01.03.2016)
Ekspert: Evində dollar saxlayanlar bazarı canlandırdılar.

BAKI, 29 fev — Sputnik. "İki ay öncəyə baxanda bugün daşınmaz əmlak bazarında canlanma müşahidə olunur".

Bunu Sputnik-in əməkdaşı ilə söhbətində ekspert Daşqın Əbdüləzimov deyib.
Ekspert iddia edib ki, əgər alqı-satqı daha da güclənərsə, bazarda uzunmüddətli stabillik yaranacaq:

Daşqın Əbdüləzimov
şəxsi arxivindən
Daşqın Əbdüləzimov

"Belə canlanma olmasını həm tikinti şirkətləri, həm rieltorlar, həm də alıcılar çoxdandır gözləyirdilər. Əlbəttə, bunun səbəbləri var. 1-cisi keçən ilin payızına qədər ev qiymətləri reallığı əks etdirmirdi. 2-cisi isə tikinti şirkətləri ədalətli qiymət təyin etmirdilər. Bugün isə vəziyyət fərqlidir. Mən düşünürəm ki, ev bazarında vəziyyətin düzəlməsinə devalvasiyanın da təsiri böyük oldu. Ən azından evində dollar saxlayanlar bazarı canlandırdılar. Məhz onlar pullarını manata çevirib evlər almağa başladılar ki, bu da həm rieltorları, həm də şirkətləri sevindirdi".

Daşqın Əbdüləzimov, yeni tikilən mənzillərin bugün daha çox satıldığını deyib: "Əvvəllər, çox adam yeni tikililərdən çəkinirdi, daha çox sovet evlərinə üstünlük verirdilər. Əlbəttə, bunun da öz səbəbi var idi. İnsanlar yeni binaların fundamentinə şübhə ilə yanaşırdılar. İndi bu düşüncənin dəyişdiyini görürük. Alıcıların 75%-i demək olar ki, yeni tikililərə can atır. Çünki bu binalardakı rahatlıq sovet binalarında yoxdur".

Ekspert alqı-satqının şəhərin mərkəzindən daha çox ətrafında güclü getdiyini bildirib:

"Masazır, Xırdalan, Biləcəri istiqamətində canlanma xüsusilə özünü göstərir. Mikrorayonlarda da alıcılıq qabiliyyəti yüksəkdir. Şəhərin mərkəzində isə digər yerlərdən fərqli olaraq alqı-satqı zəifdir. Bu zonada evləri ancaq imkanlı təbəqə alır".

Torpaq bazarındakı vəziyyətə də toxunan ekspert, "bugün torpağı yaşayış kompleksləri inşa etmək üçün daha çox tikinti şirkətləri alırlar. Adi insanlar arasında bu işə maraq əvvəlki kimi deyil" deyib.

6508
Teqlər:
mikrorayon, Masazır, tikinti şirkəti, alıcı, yeni tikili, ev bazarı, Xırdalan, Biləcəri, ev
Əlaqədar
"Hər dəfə deyirəm ki, gələn il özümə ipoteka ilə ev alacam..."
60 nəfər gənc alimə bu il ev veriləcək
"Ev almaq istəyənlər tələssin, qiymətlər kəskin qalxacaq"
Ekspert: ev alqı-satqı bazarında anormallıq var
Ev almağa tələsməyin, çünki...
Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım İnstitutunun baş elmi işçisi İlqar Əliyev

Rusiyalı həkim azərbaycanlı həmkarlarının səhvləri haqda: "İnsanın imkanları xaricindədir"

3
(Yenilənib 19:16 03.08.2020)
Sumqayıt xəstəxanasında işləyən rusiyalı həkim koronavirusdan nə ilə xilas olmaq və ağciyərləri süni havalandırma aparatından sonra xəstələrin sağ qalmasından danışıb

BAKI, 3 avqust — Sputnik, Aleksandra Zuyeva. Bu pandemiyanı gözləyirdik, çünki müəyyən qanunayğunluq var – onlar təxminən hər 80 ildən bir təkrarlanır.

Həkimlər, arxiv şəkli
© Photo : Ministry of Defence of the Russian Federation

Bunu Sputnik Azərbaycan-a Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım İnstitutunun baş elmi işçisi İlqar Əliyev deyib.

Əliyev Azərbaycana Heydər Əliyev Fondunun dəvəti ilə COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərə kömək üçün gələn 22 rusiyalı həkim qrupunun tərkibində təşrif buyurub. Hazırda Sumqayıt şəhər 1 saylı xəstəxanada işləyir.

Yeri gəlmişkən, Sumqayıt təsadüfi seçilməyib. Əliyevin sözlərinə görə, rusiyalı həkimləri oraya ən böyük problemləri həll etməyə göndərdilər. Həmin problemləri hətta onlardan öncə Sumqayıta gələn türkiyəli həkimlər də çözə bilməmişdilər.

Bu xəstəxanada qarşılaşdıqları əsas problem isə reanimasiya olub.

“Terapevtik bölmələr mövcud durumun öhdəsindən gəlirdi, amma reanimasiyada vəziyyət kifayət qədər çətin idi. Və hələ də o cürdür”, - həkim qeyd edib.

Bunun səbəbini Sputnik Azərbaycan-ın həmsöhbəti insan faktorunda görür: tibbi heyət çatışmır, olanın da kifayət qədər təhsili yoxdur. Bunu isə, Əliyevin sözlərinə görə, onunla izah etmək olar ki, orta tibbi personal heç vaxt reanimasiyada işləmədiyindən bu işin xüsusiyyətini bilmir. Üstəlik, Sumqayıt xəstəxanasında əsasən anestezioloqlar işləyirlər.

“Bilirsiniz, əgər xəstələri uzunmüddətli ağciyərlərin süni havalandırma (ASH) aparatına  qoşsalar, sonradan da havalandırmanı düzgün aparmasalar, düzgün müalicə etməsələr, onlar sağ qalmayacaqlar”, - həkim deyib.

Belə də alınır: yerli həkimlər təcili kömək göstərir, xəstəni intibasiya edir, onu ASH cihazına qoşurlar, amma xəstənin özünün aparatsız nəfəs ala biləcəyi səviyyəyə çatdıra bilmirlər. Çünki, Əliyevin sözlərinə, bu, artıq başqa qəbildən olan bilikləri tələb edir. 

Məsələn, onun sözlərinə görə, əlamət və analizlərlə adamın xəstəliyinin dərəcəsini təyin etmək, sonra isə xəstəliyin mənfi dinamikasını hesablamaq olar. 

“Bizimlə bir qrupda gələn terapevtlər dərhal məhz bununla məşğul oldular: onlar xəstələri müayinə edir, risk qrupuna aid olanları təyin edərək reanimasiyaya vəziyyətləri kəskinləşməyə macal tapmamış köçürürdülər”, - İ.Əliyev deyib. 

Həkim, eyni zamanda, koronavirusa yoluxub ASH cihazına qoşulan xəstələrin 80%-nin sağ qalmadığı haqda mifi də rədd edib: “İki ay yarımdan çox kovid mərkəzində işlədim. Reanimasiyadan xəstələrin 90%-i keçdi. Onlardan yarısı ASH cihazına qoşulu idi. Ölənlər isə cəmi 30% təşkil elədi”. 

İ.Əliyev rusiyalı həkimlərin Sumqayıt xəstəxanasında qarşılaşdıqları daha bir ciddi problemə toxunub: sən demə, tibbi heyət iki həftə müddətində “qırmızı zona”da sutkada 8 saat işləyirmiş.

“Bu, reanimasiya üçün həddən artıq çoxdur. Düzgün anlamanız üçün – “qırmızı zona”da 4 saat işləməyin özü çoxdur. Səkkiz saat – insanın imkanları xaricindədir”, - həkim deyib.

Ancaq iş qrafikini başqa cür qurmaq alınmayıb, çünki həkim çatmırmış. Müvafiq olaraq, Əliyevin sözlərinə görə, reanimasiyada müalicənin nəticələri elə də ürəkaçan olmayıb.

Rusiyalı həkimlərin gəlişi ilə xəstəxanada çox şey dəyişib: bu müddət ərzində sahman yaratmaq, nəyin harada yerləşəcəyini, kimin nə edəcəyini izah etmək, eləcə də tibbi heyətə bu işləri yerinə yetirməyi öyrətmək mümkün olub.

COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB>>

Sumqayıt xəstəxanasında avadanlıqla bağlı da problem olub. Bu məsələnin həlli üçün rusiyalı mütəxəssislər TƏBİB-lə əlaqə saxlayıblar.

“Onların vasitəsilə lazımi avadanlığı sifariş verir və qısa zaman ərzində əldə edirdik”, - Sputnik Azərbaycan-ın həmsöhbəti deyib.

Ümumilikdə COVID-19-la mübarizə barədə danışarkən İlqar Əliyev bildirib ki, pandemiyanı dayandıra biləcək yeganə vasitə peyvənddir. Bununla yanaşı, həkim əmindir ki, yeni virus bizimlə daimi qalacaq və öz-özünə yox olmayacaq.

Dərmanlara gəlincə, onun sözlərinə görə, virus əleyhinə preparatlardan heç biri COVID-19-u müalicə etmək üçün yetərli deyil.

“Hər birimizin immun sistemimiz fərqlidir və virusa reaksiyamız da buna müvafiqdir. Kiminsə immun sistemi özü virusu dəf edir və onlar üçün hər şey tez və əla bitir. Bəzilərində isə ciddi problemlər yaranır”, - həkim deyib və əlavə edib ki, sonunculara daha çox şəkərli diabeti, artıq çəkisi olanlar aiddir ki, onların orqanizmi yoluxma ilə bacara bilmir. 

Bütün bunları nəzərə alaraq, İlqar Əliyev qeyd edir ki, hər bir şəxs öz sağlamlığına diqqətlə yanaşmalıdır: əlləri tez-tez yumaq, burnu təmizləmək, boğazı yaxalamaq gərəkdir. “Özündə koronavirusun hansısa əlamətini sezdikdə isə bunun soyuqdəymə olduğunu düşünərək  özünümüalicə ilə məşğul olmaq yaramaz, dərhal həkimə müraciət etmək lazımdır”, - mütəxəssis məsləhət görüb.

Əliyev həmçinin xatırladıb ki, COVID-19 insanların dünyagörüşünü dəyişə bilsə də, dünya iqtisadiyyatına ciddi təsir etsə də, bəşəriyyətin başına oyun açan ilk pandemiya deyil.

“Biz bu pandemiyanı gözləyirdik, çünki müvafiq qanunauyğunluq var. Təxminən hər 80 ildən bir pandemiyalar təkrarlanır. 1918-ci ildə “ispan qripi” vardı, bu əsrdə də COVID-19 gözlənilən idi”, - deyən həkim insanları sakit olmağa çağırıb.

3
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb
Dünyanın koronavirus büdcəsi tükənir: xəstəliyə necə qalib gələcəyik?
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Əvvəl risk qrupundakılar, sonra isə hamı - kütləvi peyvəndin başlama tarixi uzaqda deyil
COVID-19-dan sağalanların nəzərinə: immun sisteminiz etibarlı deyil
Ümumvətəndaş pasport və pul, arxiv şəkli

Əlvida, kağız, əlvida, növbə: Rusiya elektron vizaya keçir

4
(Yenilənib 21:36 03.08.2020)
2021-ci il yanvarın 1-dən Rusiyaya qısamüddətli elektron vizanın köməyilə getmək mümkün olacaq. Onun hazırlanmasına təxminən 4 gün lazımdır. Sputnik yeni qaydalardan necə istifadə etməyin yollarını araşdırıb

BAKI, 3 avqust — Sputnik, Aleksey Stefanov. Vladivostok, Uzaq Şərq Federal Dairəsi, Kalininqrad vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətlərinə səfərlər üçün 53 ölkənin vətəndaşlarına elektron vizaların verilməsi üzrə pilot layihənin ardından Rusiya ölkənin istənilən bölgəsinə səfər etmək hüququ verən qısamüddətli elektron vizaların alınması imkanını yaradıb. 

Ötən cümə günü Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qısamüddətli səfər üçün 60 günlük müddəti olan universal vahid elektron vizanın tətbiqi barədə federal qanunu imzalayıb. Diplomatik, xidməti, adi, tranzit və müvəqqəti yaşamaq hüququ olan şəxsin vizası ilə yanaşı, bu viza da müstəqil kateqoriyaya malik olacaq.

Bu zaman səfərin müddəti 16 gündən çox olmamalıdır. Ancaq Rusiya Turoperatorları Assosiasiyasından (ATOR) Sputnik agentliyinə bildirdilər ki, statistikaya görə, əcnəbilərin Rusiyaya səfəri orta hesabla bir həftə təşkil edir, ona görə də ölkəyə qısa müddət ərzində gəlmək üçün həmin vizanın vaxtı bəs edəcək.

Rusiyaya giriş maksimal dərəcədə sadələşdirilib: 113 ölkənin vətəndaşları yararlanacaqlar

Yeni viza üçün 2021-ci il yanvarın 1-dən müraciət etmək mümkün olacaq. Rusiya XİN-dən bildiriblər ki, Uzaq Şərq Federal Dairəsi, Kalininqrad vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətinə elektron vizalarla eksperiment zamanı onlar bir problemin şahidi olublar: ərizəni dolduranlar çox zaman səhvlər edirlər və bu da onlara viza almaqda imtina edilməsinə əsas yaradır. Yeni vizalarla bağlı eyni problem yaşanmasın deyə saytı təkmilləşdirərək sadələşdiriblər.

Hansı ölkənin vətəndaşlarının yenilikdən istifadə edəcəkləri hələlik dəqiq məlum deyil. “Xarici ölkələrin siyahısını Rusiya Federasiyası hökuməti ayrıca təsdiq edəcək”,  - Dövlət Dumasının Fiziki tərbiyə, idman, turizm və gənclərlə iş komətəsinin üzvü Natalya Kuvşinova Sputnik-ə deyib.

“Güman edirəm ki, qısamüddətli elektron viza üçün tələbat böyük olacaq. Yenilik Rusiyada gəlmə turizminin inkişafına yönəldilib, çünki hazırda məhz daxili və gəlmə turizmi prioritetdir. Hesab edirəm ki, bu, əcnəbi vətəndaşlara digər səyahət ölkələri ilə yanaşı, Rusiya Federasiyasını da seçməyə imkan verən bir mexanizmdir”, - Dövlət Dumasının üzvü deyib.

Ehtimal ki, elektron vizadan faydalanacaq ölkələrin siyahısında pilot layihədən yararlanan 53 dövlətin sakinləri də olacaqlar. Bunlar arasında Avropa İttifaqı ölkələri, Çin, Yaponiya, Türkiyə, Hindistan vardı. Ancaq ABŞ, Kanada və Böyük Britaniya həmin siyahıda deyildi. Və mümkündür ki, qısamüddətli elektron vizanı onlar bundan sonra da ala bilməyəcəklər. XİN-dən qeyd ediblər ki, ayrı-ayrı regionlar üçün elektron vizaların pulsuz olduğu eksperimental layihədən fərqli olaraq, yeni viza 2021-ci ilin yanvarından pullu olacaq. Qiyməti isə, güman ki, 50 ABŞ dollarından baha olmayacaq.

“Gələn il yeni elektron vizanın bu gün qüvvədə olanlara nisbətdə nə qədər populyar olduğuna baxacağıq”, - Dövlət Dumasının deputatı Natalya Kuvşinova qeyd edib. 

RF-ə elektron viza almaq hüququ olan 53 ölkənin vətəndaşları ilə yanaşı, daha 60 ölkənin sakinlərinin ikitərəfli beynəlxalq razılaşmalar əsasında Rusiyaya vizasız giriş imkanı var. Beləliklə, XİN-dən qeyd ediblər ki, 2021-ci ildən Rusiyaya kağız vizanın alınmasını tələb etməyən maksimum liberal giriş rejimi əhali sayı ümumilikdə bəşəriyyətin yarısını – təxminən dörd milyard insanı əhatə edən xarici ölkələrin vətəndaşlarına şamil ediləcək.

Turist axını minimum 30% artacaq

“Ölkəyə girişin bu cür əhəmiyyətli dərəcədə sadələşdirilməsini gəlmə turizmi illərdir xəyal edirdi. Əsas odur ki, doğrudan da elektron vizanı almaq asan olsun”, deyə ATOR-un icraçı direktoru Mayya Lomidze yeniliyi şərh edib.

Onun fikrincə, qısamüddətli elektron viza, hətta ən pessimist proqnozlar da nəzərə alınarsa, turist axınını minimum 30% artıracaq. Ona görə Lomidze əmindir ki, yeniliyin ancaq müsbət tərəfləri olacaq, “mənfi tərəfi isə ancaq bir ola bilər – o da əgər sadələşmə deyildiyi kimi gerçək sadələşmə olmasa”. 

Öz növbəsində ATOR-un vitse-prezidenti Aleksandr Kurnosov hesab edir ki, hökumətin bu qərarı turist axınını 40 və ya 50%, hətta bundan da çox artıra bilər, “çünki vizaları ləğv edən və ya alınmasını xeyli sadələşdirən ölkələrin təcrübəsi göstərir ki, effekt daha böyük ola bilər”.

“Bu qərarın qəbul edilməsi, özü də turizm bazarı üçün belə bir çətin dövrdə gündəmə gəlməsi özü çox pozitiv hadisədir”, - o qeyd edib. 

Aleksandr Kurnosov viza rejiminin bundan sonra da liberallaşdırılacağına – “vizanın etibarlı olduğu indiki iki aydan yarım il və ya bir il müddətinə uzadılacağına, yaxud da günlərin sayının 16-dan 30-a qaldırılacağına” ümid edir. 

ATOR-un vitse-prezidenti həmçinin  elektron vizanın şamil ediləcəyi ölkələrin sayının artırılacağına da ümidlidir, “çünki Rusiyaya xeyli sayda turist göndərən ölkələrin, məsələn, ABŞ və Böyük Britaniyanın, adlraı siyahıya daxil olmayıb”. 

“Bu, yaxşı olardı. Amma aydındır ki, bu məsələdə hər şey siyasi vəziyyətdən asılıdır”, - Aleksandr Kurnosov yekunlaşdırıb.

4
Əlaqədar
Qardaş ölkəyə səfərə hazırlaşanların nəzərinə: Yeni qaydalar var
Köhnə qitəyə vizasız gedə bilərik, amma öncə istixana qazları, rəqəmsal iqtisadiyyat və...
Get evinə: ABŞ onlayn təhsilə keçən tələbələri ölkədən çıxaracaq
Ukrayna altı ölkə ilə viza rejimini ləğv edir - dördü ərəb ölkəsidir
Səyahəti sevənlər üçün: əvvəl həkim, sonra viza, pul qalsa - bənövşəyi nişanı görmək