BAKI, 11 fev — Sputnik. Türk iş adamı Hüsnü Özyeğinin sahib olduğu "Fiba Holdinq" Rusiyadakı bank fəaliyyətlərini satışa çıxarıb. Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, biznes dairələrində, Özyeğinin öz bankını Moskvanın ən məşhur biznesmenlərindən, əmlak "imperator"larından olan, Azərbaycan əsilli Qod Nisanova satacağı danışılır.
Eyni zamanda, Rusiyanın ən böyük tərəvəz və meyvə tədarükçülərindən biri olan Qod Nisanov 3.3 milyard dollarlıq sərvəti ilə Forbes-in milyarderlər siyahısının 381-ci sırasında yer alır. "Radisson Royal Ukraine Hotel", "European Shopping Center" və "Radisson SAS Slavyanskaya" kimi layihələrə imza atan Nisanovun "Food City" (Qida şəhəri) adlı bir topdan satış mərkəzi də var.
Nisanovun şəriki olan İlham Rəhimov isə Rusiyanın dövlət başçısı Vladimir Putinin sinif yoldaşıdır. Hazırda ikilinin ümumi 14 milyon kvadratmetrlik daşınmaz əmlak layihəsi var. Rusiya mətbuatının yaydığı xəbərlərdə, yanvarın ortalarında satışa vasitəçilik etməsi üçün Morgan Stanleyin vəzifələndirildiyi iddia edilir. "Credit Europe" bankının dəyərinin 300 milyon dollar olduğu təxmin edilir. Bankın 16 mindən çox təşkilati və 4.5 milyon civarında fərdi müştərisi var.
BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.
Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.
Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.
Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.