Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri - Yolçu Həsənov (Xanvəli)

Azərbaycanla Gürcüstan arasında virus çəkişməsi

82
Azərbaycan Gürcüstanda heyvanlar arasında "göydil" virusunun yayıldığını və bu səbəbdən oradan diri heyvanların idxalına qadağa qoyulduğunu bildirsə də, qonşu ölkə rəsmiləri xəbəri təkzib edirlər

BAKI, 29 yan — Sputnik. Xəbər verdiyimiz kimi, Gürcüstandan Azərbaycana diri heyvanların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Qərara səbəb Gürcüstanda yayılmış virusdur. Belə ki, Tbilisi şəhəri yaxınlığındakı Varketili ərazisində xırda buynuzlu heyvanlar arasında "göydil" virusu yayılıb.

Sputnik xəbər verir ki, bu arada Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi xırda və iribuynuzlu heyvan arasında "Göydil" virusunun yayılması haqqında məlumatı təkzib edib. Milli Qida Agentliyi Gürcüstanda sözügedən virusun yayılmadığını bəyan edib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov Sputnik-ə bildirib ki, Azərbaycan tərəfi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatı əsasında belə bir qərar qəbul edib.

"Bizdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatı var. Biz həmin beynəlxalq qurumun müraciəti əsasında Gürcüstandan Azərbaycana iri və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət tətbiq etmişik", —deyə Y. Həsənov bildirdi.

Onun sözlərinə görə, Gürcüstanda "göydil" xəstəliyinin olması ilə bağlı aidiyyəti qurumlara məlumat verilib: "Dövlət Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə müvafiq müraciət göndərilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin aidiyyəti qurumlarına da lazımi profilaktik tədbirlərin görülməsi üçün tapşırıqlar verilib".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər Süleymanov APA-ya bildirib: "Ümumilikdə Gürcüstandan Azərbaycana diri heyvanların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Lakin virusun qeydə alındığı ərazidən başqa digər yerlərdən Gürcüstan Baytarlıq Xidmətinin rəyi əsasında heyvan mənşəli məhsullar ölkəyə idxal edilə bilər".

A. Süleymanov onu da qeyd edib ki, qadağa virusun aradan qaldırılması ilə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat daxil olduqdan sonra götürüləcək.

Xatırladaq ki, 25 yanvar 1924-ci ildə imzalanan beynəlxalq müqavilə ilə Beynəlxalq Epidemiya Xəstəlikləri Ofisi yaradılıb. O vaxt qlobal səviyyədə heyvan xəstəlikləriylə mübarizəyə ehtiyac var idi. 2003-cü ildə ofis Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı olub. Dünya Ticarət Təşkilatı tərəfindən istinad quruluş olaraq qəbul edilməkdədir və 2014-ci ildən etibarən 180 ölkə təşkilatın üzvüdür.

82
Teqlər:
heyvanların idxalına müvəqqəti məhdudiyyət, Gürcüstandan, idxal, Tbilisi, qadağa, heyvan, Azərbaycan
Əlaqədar
Dəhşətli virus sərhədlərimizdə: hökumət bizi necə qoruyur?
Türkiyədə 27 nəfər H1N1 virusundan ölüb
Avropada ölümcül virus qeydə alınıb
Yeniyetmələri öldürən dəhşətli virus
Korona virusu ərəblərin axırına çıxa bilər

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

11
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

11
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

56
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

56
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA