Qızıl və dollar

Bakıda lombardlar da krediti dollarla tələb etməyə başladı

323
(Yenilənib 12:18 07.01.2016)
Paytaxtda fəaliyyət göstərən lombardlar yeni sistemə keçib. Yeni sistem isə ondan ibarətdir ki, zinət əşyasının girovu qarşılığında faizlərin, əvvəlki kimi manatla deyil, dollarla ödənilməsi tələb edilir.

BAKI, 7 yan — Sputnik. Manatın devalvasiyasının bütün sahələrə təsir etdiyi məlumdur. Ölkədə gündəlik tələbat mallarından tutmuş, daşınar əmlakın qiymətinədək, ən müxtəlif sahələr üzrə qiymət artımı yaşanır. Və bu günlərdə Sputnik-in redaksiyasına diqqətçəkici məlumat daxil olub. Belə ki, redaksiyamıza müraciət edən oxuculardan biri paytaxtda fəaliyyət göstərən lombardların yeni sistemə (!?) keçdiyini bildirib. Yeni sistem isə ondan ibarətdir ki, zinət əşyasının girovu qarşılığında faizlərin, əvvəlki kimi manatla deyil, dollarla ödənilməsi tələb edilir. Sputnik əməkdaşı məsələyə aydınlıq gətirmək üçün müştəri qismində bir neçə lombarda müraciət edib. Beləliklə…

Lombarda daxil olub jurnalistəm desəm, hamısı susacaq və danışmayacaqdılar. Məcbur qalıb müştəri qismində lombarda üz tutdum. Aydın məsələdir ki, "müştərini" görən lombard işçiləri bülbül kimi "cəh-cəh" vurmağa başladılar.

Metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən lombarda yaxınlaşdım. Düzü, içəridə işçidən başqa heç kim yox idi. Yaxınlaşıb 1000 manat götürmək niyyətində olduğumu bildirdim. Sonra 40 qramlıq "sünbül" boyunbağıma nə qədər pul verə bilər deyə soruşdum. Cavabında "800 manat verə bilərəm" söylədi. Əsas məsələyə yaxınlaşmışdıq… Soruşuram:

— Sizdə necədir? Manatın ucuzlaşması sizə təsir edir, yoxsa köhnə qaydada qalıb?

— Bu dəqidə pul verilmir, kreditləşmə dayandırılıb. Kredit veriləcəksə, dollar məzənnəsi ilə veriləcək. Bizə yalnız belə sərf edir…

 

Sonra alıb üz tutdum başqa lombarda. Öncəkindən bir qədər aralı məsafədə yerləşən bu lombardda isə vəziyyət tamam ayrı idi. Gülərüz xanım məni müştəri bilib daha da ürəklə suallarıma cavab verməyə başladı. Suallarım isə eyni olaraq qalırdı. Xanım bu dəfə məni daha da təəccübləndirə bildi. 1000 manat pul vermələri üçün 60 qram qızıl əşya müştəridən tələb edirlər. Devalyasiyanın bu lombarda təsir etmədiyini və köhnə qaydalarla işlədiklərini dedi.

"Doğrudur, biz qızılı aşağı qiymətləndiririk, amma manat məzənnəsi ilə işləyirik. Hətta, iki ay müştərilərimizi gözləyirik, sonra qızıllarını satışa çıxarırıq. Amma başqa lombardlarda 10 gün gecikən kimi qızıl satışa buraxılır. Bu da bizim üstünlüklərimiz", —bildirdi.

Gülərüz xanımdan istədiyim məlumatları aldıqdan sonra, "gedib düşünəcək müştəri" siması alaraq oradan uzaqlaşdım. Məsələni araşdırmaqda davam edirdim. Və növbəti lombarda tərəf tam sürətimlə davam edirdim. Üçüncü lombarda yaxınlaşanda sözün əsl mənasında izdihamın şahidi oldum. Pul ödəyən kim, ovucunda qızılla gözləyən kim, işçilərlə qızğın söhbət edən kim…

İçəri daxil olan kimi bir elan gözümə dəydi: "Hörmətli müştərilər! 1 yanvardan etibarən bir gün gecikdiriləcək borclarınız dollar məzənnəsi ilə hesablanacaq". Elə bunu oxuyurdum ki, işçi (davranışından rəhbərə oxsayırdı —red.) "nə lazımdır?" soruşdu.

Təbii alıcı obrazına daxil olub yuxarıdakı sualları yenidən lombard işçisinə ünvanladım. Bu dəfə də fərqli cavab almaq qismətimə düşdü. 40 qramlıq sünbül boyunbağıya 880 manat verdiyini və dollar məzənnəsi ilə işlədiyini söylədi. "Dollar enəcəksə, müştəri qazanacaq. Qalxacaqsa, biz ziyana getməmək üçün məcburuq qiymətləri dollar məzənnəsi ilə edək. Onsuz lombardlara minlərlə ziyan dəyib", —dedi.

Belə… Manatın devalyasiyası lombardlardan da yan keçmədi. Onlar da öz işlərini asanlaşdırmaq üçün dollar məzənnəsinə keçdilər.

323
Teqlər:
faiz, kredit, devalvasiya, manat, dollar, qızıl, lombard
Əlaqədar
Dünyada qızıla bir zinət əşyası kimi maraq azalır
Bakıda məşhur qızıl dükanının sahibəsini qızı və qohumları öldürüb
Devalvasiyadan sonra banklardakı məzənnə