Bakı, Bayraq meydanı, Kristal zalı

2015: itkilər, həbslər devalvasiya ili

104
(Yenilənib 15:52 01.01.2016)
XXI əsrin 15-ci ili Azərbaycan insanının yaddaşında unudulması mümkün olmayan izlər buraxdı.

BAKI, 1 yan-Sputnik. XXI əsrin 15-ci ili Azərbaycan insanının yaddaşında elə izlər buraxdı ki, nə vaxtsa unudulmasını düşünmək sadəlövlük olardı. Daha çox təəssüflər və itkilərlə xatırlanacaq bu ildə iki yaşayış binasının yanmasından tutmuş, "Günəşli" platformasındakı dəhşətli fəlakətə qədər, Beynəlxalq Bank və Milli Təhlükəsizlik, Rabitə nazirliklərində baş verən qanunsuzluqlara kimi, hər şey vətəndaşlarda dərin sarsıntı yaratdı. Nəzərə alaq ki, bütün bunlar manatın 98% devalvasiyaya məruz qalaraq il ərzində dünyanın ən çox itirən valyutasına çevrilməsi fonunda baş verdi.

 

Bu ilin ən xoş hadisələri sırasında isə ilk yerdə birinci Avropa Oyunlarının Bakıda keçirilməsini qeyd etmək olar. Azərbaycanın layiqincə ev sahibliyi etdiyi bu mötəbər yarışlarda Avropa oyunlarının idman standartları müəyyənləşdi, xalqımızın adət-ənənəsi, milli-mənəvi dəyərləri dünyada bir daha tanındı.
Beləliklə, 2015-ci ildə baş vermiş hadisələrin xronologiyasına nəzər salaq:

Bu ilin fevralın 5-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi.

21 fevral — bu tarixdə yaddaşlarda "şənbə vahiməsi" kimi qalan manatın devalvasiya hadisəsi baş verdi. Azərbaycan xalqı devalvasiya sözünün mahiyyəti ilə tanış oldu. Milli valyutamız dollar qarşısında birdən-birə 35 faiz dəyər itirdi. 1 dollar 1.05 həddinə çatdırıldı.
Təbii ki, bu hadisəni doğuran səbəb isə ilin əvvəllərindən etibarən neftin dünya bazarında qiymətinin tədricən düşməsi ilə bağlı idi. Azərbaycanın iqtisadi həyatına mənfi təsir göstərən faktor məhz bununla bağlı oldu. 2014-cu ildə "AzeriLight" markalı neftin 1 bareli 114-110 dollara satılırdısa, indi 2015-ci ilin sonlarına yaxın bu rəqəm 37 dollar civarındadır.

19 mart — Azərbaycanın ən təcrübəli bankiri, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev gözlənilməz halda istefa verdi. Soradan onun həbsi ilə nəticələnəcək proseslərin gedişində bir qrup iş adamının banka külli-miqdarda ödənməmiş kredirlərinin qaldığı aşkara çıxdı.

  

10 aprel — cəmiyyət ilk dəfə bu tarixdə penoplastların nə qədər təhlükəli olduğunu gördü. Belə ki, Xətai rayonu Zığ şossesində 9 mərtəbəli binada penoplastların alışması nəticəsində güclü yanğın baş verdi. Nəticədə binaya güclü zərər dəydi, sakinlər binadan evakuasiya edildi. Təmirdən sonra sakinlər öz evlərinə qayıtdılar.

Mayın əvvəllərində Beynəlxalq Bankdan milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər prosesinə start verildi.

16 may — məhz devalvasiyadan sonra banka dollarla borcu olan vətəndaşlar bu tarixdə Konstitusiya Məhkəməsinin onların xeyrinə qərar çıxarmadığının şahidi oldular. Belə desək, 3 aydan sonra verilən qərar gözləyənləri məyus etdi. Dollar kreditləri günün məzənnəsi ilə qaytarılmalıdır.

19 may — bu dəhşətli gün isə uzun illər yaddaşlardan silinməyəcək. Yenə də penoplast səbəbindən Binəqədidə 16 mərtəbəli binada güclü yanğın baş vermişdi. Yanğında 16 nəfər həlak oldu, 60 nəfər isə xəsarət aldı. Məhz bu hadisədən sonra paytaxtda penoplast örtüklü binaların üzlüklərinin sökülməsinə start verildi.

12-18 iyun — dünyada ilk dəfə keçirilən Avropa Oyunlarının Bakıda təntənəli açılış mərasimi baş tutdu. İyunun 28-də isə 16 gün davam edən möhtəşəm oyunların bağlanış mərasimi keçirildi. Avropa Oyunlarında bir sıra ölkələrin dövlət başçıları və rəsmi şəxsləri iştirak etdilər. 

8 avqust — "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülən jurnalist Rasim Əliyev vəfat etdi. Jurnalistin döyülməsi məsələsi də Azərbaycan və dünya mediasında bir müddət müzakirə mövzusuna çevrildi. Nəticədə "Qəbələ"nin kapitanı Cavid Hüseynov jurnalistin ölümündə şübhəli bilinərək həbs edildi.

10 sentyabr — Avropa Parlamentinin Azərbaycana qarşı insan haqlarının pozulmasına dair qəbul etdiyi qətnamə sərt reaksiyalara səbəb oldu. Azərbaycan Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırdı.

17 oktyabr — Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması isə ilin ən qalmaqallı hadisələri sırasına yazıldı. Məhz nazirin işdən çıxarılmasından sonra MTN ətrafında baş verən proseslər mətbuatın gündəmindən uzun müddət düşmədi. E. Mahmudov bu sahəyə 2004-cü ildən rəhbərlik edirdi.

1 noyabr — V çağırış Milli Məclisə seçkilər baş tutdu.

12 noyabr — MTN olayları ətrafında baş verən proseslərə görə, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən çıxarıldı. Ə. Abbasov da bu sahəyə 2004- cü ildən rəhbərlik edirdi.

16 noyabr — Azərbaycanı beş saat internetsiz qoyan hadisə isə bu tarixdə baş verdi. Azərbaycanın əsas internet provayderi olan "Delta Telecom" da baş verən yanğının da MTN hadisələri ilə bağlı olduğu açıqlandı.

17 noyabr — Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus həbsdən çıxdı. O, 2014- cü il avqustun 5-də həbs edilmişdi.

26 noyabr — bir neçə həftə gündəmdən düşməyən Nardaran hadisələrinin baş verdiyi tarixdir. Həmin gün bir qrup dindarla polis arasında ölümlə nəticələnən qanlı olay baş verdi. Nəticədə ikisi polis olmaqla, 6 nəfər həlak oldu.

4 dekabr — "Günəşli" yatağında qaz sızması nəticəsində baş verən yanğının yaşatdığı faciələr isə bu ilin sonunda baş verən ən dəhşətli olay kimi tarixə düşdü. Platformada olan 63 nəfərdən 26 nəfərin cəsədi bu günə qədər tapılmayıb. Yanğın nəticəsində cəsədləri tapılan 7 nəfər isə dəfn olunub. 33 nəfər neftçi xilas edilib.

5 dekabr — hamınının gözlədiyi həbs xəbəri dəqiqləşdi. "Beynəlxalq bank" hadisələrinə görə bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev həbs edildi.

9 dekabr — Sülh və Demokartiya İnstitunun direktoru Leyla Yunus həbsdən azad edildi. Xatırladaq ki, L. Yunus 2014- cü il iyulun 30-da həbs edilmişdi. Onun həbsi 2014- cü ilin ən qalmaqallı həbs hadisələrindən biri kimi qiymətləndirilə bilər.

14 dekabr — bu tarixdə isə mühüm islahat baş verdi. Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək səlahiyyətləri Dövlət Təhlüksizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti arasında bölüşdürüldü.

21 dekabrda — Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın il ərzində ikinci dəfə ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Belə ki, 1 dollar 1.05 manatdan qalxaraq 1.55 manat oldu.

Bu ilin ən gözlənilən hadisələrindən biri də prezidentin əfv haqqında sərəncamı idi. Dekabrın 28-də prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzaladı. Bu sərəncama əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 210 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.

Gözlənilənlərin ziddinə olaraq, adları beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus siyahısına salınan şəxslərin heç biri azad edilməyib.

104
Teqlər:
Cahangir Hacıyev, 2015-ci il, Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında, RAbiyə və yüksək texnologiyalar naziri, "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, AzeriLight, devalvasiya, Azərbaycan Respublikası Prezidentinin sərəncamı, Əli Abbasov, Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, sərəncam, Eldar Mahmudov, Günəşli, Delta Telecom, Azərbaycan Beynəlxalq Bankı, MTN, Bakı, İlham Əliyev, Azərbaycan, Avropa Oyunları, prezident, manat, dollar, 2015-ci ildə nə baş verdi, 2015-ci ilin yekunları, 2015-ci ilin yekunu