Vaşinqton Ağ Ev

Azərbaycan ABŞ-a nota verdi

352
(Yenilənib 18:00 15.12.2015)
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə dəvət edərək ona etiraz notasını təqdim edib.

BAKI, 15 dek-Sputnik. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə (XİN) dəvət edərək ona etiraz notasını təqdim edib.

Sputnik XİN-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, notada ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr 2015-ci il tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobby təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi "Artsaxın müstəqilliyinin ildönümü" başlıqlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "xarici işlər naziri" kimi təqdim edən Karen Mirzoyanla görüşünə etiraz bildirilir.

Notada qeyd edilir ki, birbaşa Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı bu səpkidən olan tədbirlərdə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin iştirakı Minsk Qrupunun həmsədr institutunun mandatına tamamilə ziddir. Bu hal onun neytrallığı və qərəzsizliyinə kölgə salır. Notada həmçinin deyilir: 

"Bu addım kütləvi miqyaslı dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin legitim olaraq tanınmaması barədə ABŞ-ın rəsmi siyasətinə ziddir." 

Notada ABŞ ərazisində qondarma rejimin "təmsilçi"lərinin ictimai kampaniyalar və digər fəaliyyətlərə qoşulmasına şərait yaradılmasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin irəlilədilməsinə yardım etmədiyi, əksinə onsuz da mürəkkəb olan prosesin daha da gərginləşdirilməsinə xidmət etdiyinin dəfələrlə ABŞ Dövlət Departamentinin diqqətinə çatdırıldığı vurğulanır.

Sənəddə həmçinin Ermənistan tərəfinin təxribat xarakterli addımlarına adekvat reaksiyanın göstərilməməsinin onun cəzasızlıq hissini daha da artırmasına, qanunsuz rejimin "təmsilçi"lərinə hər hansı bir vəzifədə və ya məqsədlə ABŞ-a daxil olmasına icazə verilməsinin isə Ermənistanın qeyri-konstruktiv mövqeyində qalmasına və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə rəvac verdiyi vurğulanır.

Notada ABŞ-ın beynəlxalq müstəvidə məsuliyyətli dövlət kimi beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsinə sadiq qalacağı, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimi tanımamaq siyasətini daha da gücləndirəcəyinə ümidvarlıq ifadə olunur.

Səfiri Robert Sekuta Azərbaycanın narahatlıq və narazılığının ifadə olunduğu notanın Dövlət Departamentinə təqdim olunacağını bildirib.

352
Teqlər:
Robert Sekuta, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik, Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, ABŞ Dövlət Departamenti, BMT Təhlükəsizlik Şurası, Vaşinqton, Ceyms Uorlik, ABŞ, Azərbaycan

Azərbaycan Prezidenti: "Ermənistanla bu səhifəni bağlamalıyıq"

3
Dövlət başçısı: "Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də münasibətlər normallaşır".

BAKI, 5 mart — Sputnik. Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövrü və müharibədən sonrakı dövr bir daha göstərdi ki, bu, çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım nə oldu? Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur.

Bunu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında ölkəmizin xarici siyasət kursunun uğurlarından danışarkən deyib.

Dövlət başçısı bildirib ki, artıq əsassız ittihamlar da aradan qaldırılıb. Hətta müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır.

“Onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. İndi bəzi yalan məlumatlar ola bilər. Hər halda, biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm, hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı döyüş meydanında aldıq. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə olunmuş qələbə bizi tam qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq”, - Prezident vurğulayıb.

3
Bakı məktəblərin birində, arxiv şəkli

Təhsil sahəsində çalışan qadınların sayı açıqlandı

2
Ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi qızlardır.

BAKI, 5 mart — Sputnik. Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə üçdə ikisi qadınlardır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.

2