Aureliya Buşez - Fransanın Azərbaycandakı səfiri

Səfir: Fransa Azərbaycanı dəstəkləyir qondarma "DQR"i tanımır

69
Fransa səfiri Aureliya Buşez Bakını düşündüyündən də gözəl görüb.

BAKI, 19 noy-Sputnik. Fransa Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləyir.

Sputnik xəbər verir ki, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

Paris meri Ann İdalqonun himayəsi altında "Hayastan" ümumerməni fondunun Fransa ofisi tərəfindən keçiriləcək 16-cı Avropa telemarafonuna münasibət bildirən səfir deyib ki, Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyi son dərəcə aydındır: "Fransa Azərbaycanı dəstəkləyir və qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".

Məlumata görə, telemarafondan ələ olunacaq vəsait separatçı Dağlıq Qarabağ regionunda icma mərkəzinin tikintisinə ayrılacaq.

A.Buşez qeyd edib ki, Paris merinin belə bir layihə həyata keçirməsi Fransanın mövqeyini əks etdirmir: "Burada ikili standartlardan söhbət gedə bilməz".

Oreliya Buşez həmçinin qeyd edib ki, Fransa və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Onun sözlərinə görə, Parisdə baş verən terror aktlarından sonra çoxlu sayda sadə vətəndaşdan tutmuş yüksək səviyyəli şəxslərədək Azərbaycan vətəndaşları Fransa xalqına dəstək ünvanlayıblar: "Bu, Azərbaycanın tolerantlıq nümunəsi olmasının göstəricisidir. Biz bu halı yüksək qiymətləndiririk."

Səfir gələcək fəaliyyətində əsas istiqamətin Fransa prezidenti Fransua Ollandın Azərbaycana son səfəri zamanı irəli sürülən planların həyata keçirilməsi olacağını da diqqətə çatdırıb. Oreliya Buşez, həmçinin, Azərbaycanla iqtisadi əməkdaşlığın enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sahələr üzrə də uğurla inkişaf etdiyini bildirib.

"Azərbaycana gəlməzdən öncə ölkənin güclü mədəniyyətə, iqtisadi inkişafa malik olduğunu, 1918-ci ildə qadınlara səs vermək hüququ vermiş, memarlığı ilə seçilən ölkə olduğunu bilirdim. Bakıya gələndə heyran qaldım. Bakının düşündüyümdən də gözəl olduğunu gördüm. İçərişəhər çox gözəldir. Müasir binalar isə memarlığın şedevrləridir", deyə səfir bildirib.

69
Teqlər:
tolerantlıq, Paris meri Ann İdalqo, Paris, "Dağlıq Qarabağ Respublikası", Bakı, Aureliya Buşez - Fransanın Azərbaycandakı səfiri, Azərbaycan