Müğənni Safa Eldar

Yalçın Rzazadə başqasının tələbəsini öz adına çıxıb?

238
(Yenilənib 14:11 19.10.2015)
Vokalçı, pedaqoq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülnarə Allahverdiyevanın haqqı tapdanıb. Bu barədə onun adından redaksiyamıza göndərilmiş press-relizdə deyilir.

BAKI, 19 okt — Sputnik. Vokalçı, pedaqoq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülnarə Allahverdiyevanın haqqı tapdanıb. Bu barədə onun adından redaksiyamıza göndərilmiş press-relizdə deyilir.

"Səbəb, estrada sənəti üzrə illərcə yetişdirdiyi, peşəkar səhnəyə hazırladığı tələbəsinin xalq artisti Yalçın Rzazadə tərəfindən mənimsənilməsidir. Söhbəti gedən tələbə isə müğənnilik sənətinə yeni başlayan Safa Eldardır", deyə press-relizdə bildirilir.

Gülnarə Allahverdiyevanın sözlərinə görə, 4 ildir ki, Safaya vokal sənətinin bütün incəliklərini öyrədir, universitet dərslərindən əlavə özəl dərslər verərək onu peşəkar səhnəyə hazırlayır. Ancaq son zamanlar hər yerdə onun Yalçın Rzazadənin tələbəsi kimi qələmə verilməsi həm ağ yalandır, həm də əməyə edilən haqsızlıq:

“Safanın məndən başqa müəllimi olmayıb. Baxmayaraq ki, mən bütün tələbələrimə digər müəllimlərin də dərslərində oturmağı məsləhət görürdüm. Amma Safa daxil, digər tələbələrim də Yalçın Rzazadənin dərslərində olmayıblar. Safa əsasən Polad Bülbüloğlunun, Flora Kərimovanın, Mirzə Babayevin, Rəşid Behbudovun repertuarına müraciət edib. Safa yaşda böyük sənətkarları özünə müəllim hesab edə bilər, bu da mənim sinfimin tərbiyəsindən irəli gəlir. Amma vokal dərslərini Yalçın Rzazadədən öyrənməsi yalandır. Universitetdə də hamı bilir ki, Yalçın bəyin tələbə yetişdirmək metodu, öz mahnılarını oxutmaqdan uzağa getmir. Hətta disklərini verərək dərslərimdə repertuarını təbliğ etməyim üçün dəfələrlə ricada bulunub. Bir həqiqət də danılmazdır ki,  şəxsən mən özüm dəfələrlə Yalçın bəyin repertuarından mahnılar oxumasını Safaya tapşırmışam, o isə “bəyənmirəm, bu mahnılar mənim tərzim deyil” deyərək imtina edib. 

Bunun başlıca səbəbi də Yalçın Rzazadədir, onun yeniliyə açıq olmaması, onları qəbul etməməsi, köhnə sovet metodikası ilə dərs deməsidir. “Estrada” — səhnə deməkdir. Hər dövrə görə dəyişiklik, yenilik tələb edir. Yalçın bəy isə dərslərdə sırf öz mahnılarının təbliği ilə məşğuldur. 

Gülnarə Allahverdiyeva bildirir ki, ilk yalan mediada yayılıb: “Safanın klip təqdimatında mətbuat katibi onu Yalçın Rzazadənin tələbəsi kimi təqdim etdi, yazılar da belə getdi.

  • Gülnarə Allahverdiyeva
    Gülnarə Allahverdiyeva
  • Gülnarə Allahverdiyevanıb tələbələri
    Gülnarə Allahverdiyevanıb tələbələri
    sputnik
1 / 2
Gülnarə Allahverdiyeva

Bu məsələni telefonla Yalçın bəyə bildirəndə Safa adlı tələbəni tanımadığını demişdi. Hətta onun hansı tələbə oldugunu, universiteti bitirib-bitirmədiyini soruşdu. Sonra da əlavə etdi ki, “mənim kiməsə dəstək gücüm olsaydı, oğlum Mətinə dəstək olardım”. 

Safa ilə söhbətimdə etiraf etdi ki, populyar adamın adının çəkilməsini mətbuat katibi məsləhət görmüşdü. Yəni, kobudca desək, Yalçın Rzazadənin sırf populyarlığından istifadə edilib. O vaxt buna görə Safaya iradımı bildirərək sənətə yalan-dolanla başlamamasını məsləhət gördüm. Bir müəllimə kimi başa saldım ki, onu yüksəldə biləcək ən yaxşı reklam istedadı, performansı, zəhmətsevərliyi, ən əsası təmiz və şərəfli adı olar. 

Lakin bir neçə gün sonra eyni ikiüzlülüyün yerli telekanaldakı yayımlanan bir verilişdə təkrarlandığını, “müəllim-tələbə”nin sanki planlı şəkildə bir-birini mədh etdiklərini görüncə, bu haqsızlığa göz yuma bilmədim. 

Safanın valideynləri hələ yetkinlik yaşında Safanı mənim yanıma gətirib ona vokal dərsləri keçməyimi istədilər. 4 ildir ki, ona musiqinin hər janrını, estrada sənətinin sirrlərini, istər xalq, caz, rok, rok-n-rol, soul, blyuz, pop, istər klassika öyrətdim, üstəlik Azərbaycan milli musiqisinin ladlarını mənimsəmək üçün muğamlarımızı təbilg etmişəm. Universitetdən kənar, təmənnasız olaraq dərslər verdim, peşəkar səhnəyə hazırladım. Yarışmalara göndərdim, onun uğurları üçün keçirdiyim həyəcanı yalnız ana öz övladı üçün yaşaya bilərdi. Bütün bunlardan Yalçın Rzazadənin xəbəri olmayıb.

Müəllim-tələbə münasibətindən əlavə, Safa mənim ailəmin bir üzvü kimi olub, onu övladımdan ayırmamışam. Amma bütün əməyimin qarşılığında belə nankorluq görmək mənə qarşı haqsızlıqdırsa, Yalçın Rzazadə və “tələbəsi” Safa üçün isə böyük ayıbdır. Xüsusilə Yalçın bəy bu yalanı özünə, yaşına, sənətdəki nüfuzuna yaraşdırmamalı idi. 

“Təbii ki, bu cür yalan həm Safaya, həm də Yalçın bəyə sərf edir. Çünki, Səfa tanınmış bir sənətçinin fonunda özünə reklam qazanır, Yalçın bəy isə özündən sonra əmək vermədiyi hazır tələbənin sayəsində “ustad” kimi xatırlanmaq istəyir. Yalçın bəy illərdir universitetdə dərs dediyi halda niyə indiyədək bir tələbə onun adını çəkməyib?!”. Bunu da Gülnarə xanım deyir. Onun sözlərinə görə, Mədəniyyət və İncəsənət Universitetində qayda var ki, hər bir tələbə istədiyi müəllimi seçməkdə sərbəstdir. Belə olan halda niyə Safa bu illər ərzində seçimi əvvəldən Yalçın bəyin xeyrinə etməyib?! Ya da niyə sonradan onun sinfinə keçməyib?! Niyə 3 il mənim dərslərimdə oturub, məni müəlliməsi olaraq qəbul edib?! 

Gülnarə Allahverdiyeva Səfayla bağlı radikal addım da atıb. Onu öz sinfindən uzaqlaşdırıb. Safa Eldar bundan sonra tanınmış müğənni İlqar Muradovun sinfində təhsil alacaq. 

“Nankor övlad valideynin üz qarası olduğu kimi nankor tələbə də mənə lazım deyil. Bu gün populyarlıq üçün hər əyri yola gedən, bir klip çəkdirən kimi gözü ayagının altını görməyən şəxs, sabah daha böyük səhvlər edər. Belə insanlar cəmiyyət üçün təhlükədən başqa bir şey deyil. Ümid edirəm, Safa çox gec olmadan səhvini anlayar… 

Safanı artıq sinfimdə görmək istəmirəm. Özümdən sonra onu ancaq İlqar Muradova həvalə edə bilərdim. 4 il ərzində məndən estrada sənətinin sirrlərini öyrəndi, indi də getsin İlqar Muradovdan mərdlik və kişilik öyrənsin” deyən vokal ustası bu iyrənc işlərdə əli olanlara haqqını halal etmədiyini, ədalətin gec-tez öz yerini tutacağına əminliyini bildirib.

238