Президент Азербайджана Ильхам Алиев

İlham Əliyev “Petronas” şirkətinin rəhbərləri ilə görüşüb

24
(Yenilənib 17:56 03.09.2015)
Prezident Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Petronas” şirkəti arasında sıx əməkdaşlığın Azərbaycan-Malayziya ikitərəfli əlaqələrinin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

BAKI, 3 sent – Sputnik. Prezident İlham Əliyev “Petronas” şirkətinin prezidenti və şirkətlər qrupunun rəhbəri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik prezidentin rəsmi saytına istinadən xəbər verir ki, “Petronas” şirkətinin ölkəmizin enerji sektorunda iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Petronas” şirkəti arasında sıx əməkdaşlığın Azərbaycan-Malayziya ikitərəfli əlaqələrinin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

Hazırda ölkələrimiz arasında ikitərəfli münasibətlərin fəal mərhələdə olduğunu vurğulayan prezident İlham Əliyev əlaqələrimizin müxtəlif sahələrində, xüsusilə neft və qaz sektorunda əməkdaşlıq üçün böyük potensialın və yaxşı perspektivli təşəbbüslərin mövcud olduğunu diqqətə çatdırın. “Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan dövlət başçısı əməkdaşlığın yeni formatının müəyyən edilməsi ilə bağlı aparılan müzakirələrin önəmini qeyd edərək bu müzakirələrin yeni imkanlar açacağını deyib və bunun üçün səyləri artırmağın zəruriliyini bildirib.

Prezident SOCAR-la “Petronas” şirkətinin birgə fəaliyyətinin biznes sahəsində əməkdaşlıq üçün daha yaxşı imkanlar açacağını vurğulayıb. Azərbaycan ilə Malayziya arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu münasibətlərin SOCAR-la “Petronas” şirkəti arasında əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını bildirib.

Dövlət başçısı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün fəal əməkdaşlığın zəruri olduğunu qeyd edib.

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev də Malayziyanın “Petronas” neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaq ölkəmizdə investisiya üçün əlverişli mühit olduğunu qeyd edib, SOCAR-la əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Görüşdə “Şahdəniz” layihəsində “Statoil”un payının “Petronas” tərəfindən alındığı xatırlanıb.

Abdullayev qonaqlara “Şahdəniz” və Cənub Qaz Dəhlizi layihələrinin gedişi haqqında ətraflı məlumat verib. Bildirilib ki, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və boru kəmərlərinin inşası layihələri üzrə işlər qrafikə uyğun şəkildə uğurla davam etdirilir. Görülən işlər əminlik yaradır ki, 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə ötürülməsi mümkün olacaq.

Ariff iki şirkət arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

SOCAR prezidenti isə öz növbəsində Azərbaycanın neft-qaz sənayesində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, ölkəmizdə investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini qonaqların diqqətinə çatdırıb.

Görüşün sonunda SOCAR və “Petronas” arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb. Sənədi Abdullayev və Ariff imzalayıblar.

24