Габиль Алиев

Habil Əliyev son saatlarını yaşayır

304
Şərqiyyə Əliyeva: Canını tapşırmasını gözləməkdən başqa çarəmiz yoxdur.

BAKI, 3 sent-Sputnik. Azərbaycanın xalq artisti, kaman ustası Habil Əliyev komaya düşüb. 

Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyevanın APA-ya verdiyi məlumata görə, dünən gecə xalq artistinin vəziyyəti tamam pisləşib: “Dünəndən reaksiya vermirdi. Bu gün artıq komaya düşüb, heç bir ümid yoxdur. Həkimlər artıq heç nə edə bilmir. Qohum-əqrəba oturub başının üstündə. Canını tapşırmasını gözləməkdən başqa çarəmiz yoxdur”.

Habil Əliyev ürək və ağciyər problemlərindən əziyyət çəkir.  

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənib. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayıb. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olub. 

Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşaraq el arasında geniş şöhrət tapıb. 

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. 

 

304