İranlı molladan Azərbaycanlı dindarlara 8 tövsiyə

640
(Yenilənib 17:04 01.09.2015)
Şeyx Hüseyn Nuri Həmədani dindarları silahdan istifadəni öyrənmək üçün məşq etməyə çağırdı.

BAKI, 1 sent-Sputnik. Bakıda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi, mərceyi-təqlid alimi, ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədani bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən konfransda Azərbaycan ruhanilərinə, İslam tələbə və alimlərinə  maraqlı tövsiyələr verib. 

1. Ruhaniyyəti, dini öyrənənlər əsas məsələləri diqqətdə saxlayıb təhsillərində lazımi uğur əldə etməlidirlər. Tələbələr bilməlidir ki, bizim peşəmiz ən şərəfli və bərəkətli peşədir. Biz peşəmizdə fəaliyyətə başlamazdan öncə onun nə qədər əhəmiyyətli olduğunu anlamalıyıq. Döyüşə, cihada gedən şəxs hazırlıq görməli, silahdan necə istifadə edə bilməsi ilə bağlı məşq etməlidir. Eləcə də din xadimi elmə sahib olmalı, özünü buna hazırlamalıdır. Ruhaniyyət üçün ilk əsas məsələ ixlas, səmimiyyətdir. Yəni işini Allah naminə, onun razılığını əldə etmək üçün həyata keçirməlisən.

2. İkinci əsas məsələ, güclü iradə, əzmkarlıqdır. Tələbə az dərs oxumaqla, az elmlə kifayətlənməməlidir. Böyük alimlər kimi böyük iradəyə malik olub elmi dərindən öyrənməlidir.

3. Üçüncü əsas məsələ isə odur ki, iradədən əlavə, ciddi planları olsun. Yəni bu məsələyə həlledici məsələ kimi baxsınlar. Bu yol çalışqanların yoludur, tənbəllərin yolu deyil. Tənbəl insan bu yolda məqsədinə çata bilməz.

4. Dördüncü əsas məsələ nizam-intizam, planlı-məqsədli olmaqdır. Bu məsələ tələbələr üçün xüsusi önəm daşıyır. Hər bir nizam-intizamlı şəxs müvəffəqiyyətlidir. Nizam-intizamsız şəxs uğursuzdur. Həzrəti Əli (ə.s.) da buyurub ki, işlərinizdə nizam-intizamlı olun.

5. Beşinci əsas məsələ təbələnin yazısının və nitq qabiliyyətinin rəvan olmasıdır. Güclü yazıya və danışığa malik olmaq üçün ədəbiyyat və dilçiliyi bilmək vacibdir. Mən bu məsələnin üzərində xüsusilə təkidlə dayanıram.

6. Tələbələr həm də gecələr ibadət etməyi özlərinə adət etməlidirlər. Hər bir tələbənin gün ərzində vaxtı olmalıdır ki, Allah-təala ilə gizli söhbət etsin. Mən də tövsiyə edirəm ki, ruhaniyyətə başlayan tələbələr özlərini gecə namazına adət etdirsinlər. Gecə namazı alimlərə əzəmət gətirir.

7. Hər bir insan, xüsusən də tələbələr dövrünü, dostunu, düşmənini tanımalıdır

8. Səkkizinci əsas məsələ odur ki, İmam Zaman (ə.f.) ağanı unutmamalıyıq, bu məqsədlə məxsusi dualar etməliyik. Hörmətli Azərbaycan xalqı da həmişə İslama və Əhli-beytə xüsusi əhəmiyyət verib. Sizlər də bunları davam etdirmisiniz. Tələbələr öz yolunda məhz bu səkkiz əsasa riayət etməlidirlər.

Alimlərə gəlincə, İslam dininin alimlərə yüksək qiymət verdiyini deyən iranlı müctəhid onlara çox elmli, dərin savada malik olmalarını tövsiyə edib: "Alim əxlaqlı, alicənab olmalı, xalqın yanında olmalı, xalqa xidmət gödstərməli. Xalq bu dini qoruyub saxlayıb. Alim xalqa xidmət etməyi özünə şərəf, fəxr bilməlidir. Alimin yüksək elmi səviyyəsi, elmi araşdırma aparmaq qabiliyyəti olmalı, həm də din düşmənlərinə qarşı mübarizə aparmalıdır".

640