German Sterliqov

Sterliqovu dindirmək üçün Moskvaya istintaq qrupu ezam olunub

228
(Yenilənib 13:41 01.09.2015)
Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu Qerman Sterliqovun təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.

BAKI, 1 sen — Sputnik. Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu Qerman Sterliqovun təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.

Bu barədə Sputnik Respublikanın Baş Prokurorluğuvə Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatına əsasən xəbər verir.

Məlumatda deyilir: “Qerman Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri Qerman Sterliqov və onun ailə üzvləri Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2015-ci il 4 iyul tarixində işğal edilmiş ərazilərə daxil olublar.

Bundan başqa, Qerman Sterliqov qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 2015-ci il iyulun 13-də Şuşa şəhərində mətbuat kofransı keçirmiş və özünə məxsus “V Kontakte” sosial şəbəkəsinə aid səhifədə məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin istismarına, pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib, həmçinin qanunsuz biznes fəaliyyəti ilə məşğul olaraq ailə üzvlərini də bu işə sövq edib.

Q.Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin tərkibi olduğundan fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və o, dövlətlərarası axtarışa elan edilib.

2015-ci il avqust ayının 31-də, saat 17 radələrində Qerman Sterliqov İrəvandan Moskvaya gələrkən Rusiyanın hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən "Domodedovo" hava limanında saxlanılıb və gecə saat 01 radələrində Rusiya Federasiyasının ərazisini tərk etməmək şərti ilə müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu Qerman Sterliqovun yuxarıda göstərilən cinayətlərdə təqsirləndidilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.

228