wi-fi

Beş ildən sonra “Wi-Fi” bazarının həcmi iki dəfə artacaq

21
(Yenilənib 15:15 26.08.2015)
“Marketsand Markets” analitik şirkəti dünya simsiz “Wi-Fi” şəbəkələri bazarı üçün həllər üzrə proqnoz hazırlayıb.

BAKI 26 avq — Sputnik. “Marketsand Markets” analitik şirkəti dünya simsiz “Wi-Fi” şəbəkələri bazarı üçün həllər üzrə proqnoz hazırlayıb.

Ekspertlərin proqnozuna görə, 2015-ci ildə “Wi-Fi” şəbəkələrinin təşkili üçün avadanlıqlar və onunla əlaqədar xidmətlər bazarının (quraşdırma, dəstək və s.) həcmi 14,8 milyard dollar, 5 ildən sonra iki dəfə artaraq 33,6 milyard dollar təşkil edəcək.

2015-2020-ci illərdə bazarda illik artımın mobil trafikin ümumi internetləşmədə çoxalması sayəsində orta hesabla 17,8 faiz olacağı gözlənilir. Asiya-Sakit okean regionunda və Cənubi Amerikada artım müvafiq olaraq 22,6 və 20,2 faiz səviyyəsində proqnozlaşdırılır.

Hesabata görə, bu il “Wi-Fi” aparat avadanlığı və servisləri ilə əlaqədar satışın əksər hissəsi Şimali Amerikanın payına düşəcək ki, buna da “ağıllı” qurğulardan istifadənin artması, pulsuz internetə çıxış nöqtələrinə tələbat, simsiz texnologiyalar sektoruna investisiyalar və ictimai nəqliyyatın artan populyarlığı xidmət edəcək. Bundan başqa, təhsil və tibb müəssisələri, hotellər və pərakəndə satış şəbəkələri öz töhfəsini verəcək.

Şirkətin qiymətləndirməsinə görə, ən böyük simsiz avadanlıq istehsalçıları “Alcatel-Lucent”, “Aruba Networks” (HP tərəfindən satın alınıb), “Cisco”, “Ericsson”, “Juniper Networks”, “Motorola Solutions”, “Netgear” və “Ruckus Wireless” şirkətləridir. Bazarın liderləri korporativ müştərilər, rabitə operatorları və provayderlər üçün "Wi-Fi” məhsul və xidmətləri təqdim edən "Cisco” və “Juniper Networks” istehsalçılarıdır. 

21