Qadına şiddət

Məhkəmə ərini öldürən qadını azadlığa buraxdı

186
(Yenilənib 12:29 24.08.2015)
Əri tərəfindən işgəncələrə məruz qaldığı üçün onu öldürən qadın qonşuların faktı təsdiqləməsindən sonra sərbəst buraxılıb.

BAKI, 24 avq — Sputnik. Türkiyənin Kocaeli bölgəsinin Körfəz rayonunda iki gün əvvəl onu şiddətə məruz qoyan və tanınmaz hala salan ərini öldürən 29 yaşli Damla K. məhkəmə zalından azadlığa buraxılıb. 

Hadisə ötən cümə günü gecə saatlarında Körfəz rayonunun Tütünçiftlik Güney Məhəlləsində baş verib. 33 yaşlı Fikrət K. davamlı olaraq döydüyü həyat yoldaşı Damla K. ilə cümə gecəsi də dalaşıb. İddiaya görə dava zamanı Fikrət K. iki uşağının anasını yenə döyüb. Gənc qadının üzü aldığı zərbələr səbəbindən tanınmaz hala düşüb. Sonra özünə gələn Damla K. yuxulayan ərinin başına kiçik qaz balonunu vurub. Sonra isə onu dəfələrlə bıçaqlayaraq öldürüb.  

Cinayətin ardından Damla K. hazırladığı boğça ilə birlikdə evdən çıxarkən qayını ilə rastlaşıb. Gəlinin vəziyyətindən şübhələnərək evə girən qayını qardaşının qan içindəki cəsədini görüb dərhal polisə xəbər verib. Sonra gəlinləri Damla K.-nı yaxalayan gənc onu hadisə yerinə gələn polislərə təslim edib. 

Verdiyi ifadədə uzun müddətdir əri tərəfindən davamlı olaraq işgəncəyə məruz qaldığını söyləyən Damla K.bu gün Körfəz Ədliyyəsinə aparılıb. Burada verdiyi ifadədə qadın ərinin onu öldürməklə hədələdiyini və mübahisə zamanı yalvarışlarına baxmayaraq onu vurduğunu söyləyib. Damla K. tez-tez döyüldüyünü, qorxudan qonşuların və yaxınlarının müdaxilə edə bilmədiyini, artıq buna dözəcək gücünün qalmadığını bildirib. Qonşular da Damla K.-nın ifadələrini olduğu kimi təsdiqləyiblər. Bundan sonra məhkəmə qadını sərbəst buraxıb. Damla K. məhkəmə araşdırması başa çatana və qərar verilənə qədər azadlıqda qalacaq.  

186
Teqlər:
qadını döymə, Qadına şiddət, Körfəz rayonu, Kocaeli bölgəsi, Türkiyə

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

6
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

6
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

44
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

44
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA