Muxtar Maniyev

Muxtar Maniyev xəstəxanadan evə buraxılıb

18
(Yenilənib 10:34 24.08.2015)
Xalq artistinin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

BAKI, 24 avq — Sputnik. Azərbaycanın xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva aktyorun vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirib: “Ümumi vəziyyəti normaldır, narahatlıq yaradan səbəb yoxdur. Özü də qalmaq istəmirdi, ona görə bazar günü xəstəxanadan çıxardıq”.

N.Maniyeva əlavə edib ki, M.Maniyevin müalicəsi ev şəraitində davam edəcək: “Evdə nə lazımdırsa, edəcəyik. Tikişləri hələ sökməyiblər. Ehtiyac olanda həkimlər evə gəlib-gedəcəklər”.

Muxtar Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir. Avqustun 11-də xalq artistinin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.    


18
Teqlər:
Azərbaycanın xalq artisti, Elmi Cərrahiyyə Mərkəzi, Nəsibə Maniyeva, Muxtar Maniyev, Bakı, Azərbaycan
Zaqatala mənzərə

Azərbaycanın bölgələrində günlük kirayə ev bazarı canlanıb

4
(Yenilənib 18:03 21.06.2021)
Bölgələrdə günlük kirayə ev bazarında canlanma müşahidə edilir. Hətta evlərin əksəriyyəti əvvəlcədən sifarişlə tutulub. Qiymətlərdə 4-5 dəfə artım var.

BAKI, 21 iyun – Sputnik. Ötən il yayda paytaxtdan bölgələrə getməklə bağlı məhdudiyyət olduğundan rayonlara üz tutanların sayı xeyli azalmışdı. Bu səbəbdən də günlük kirayə evlərin qiymətləri də xeyli enmişdi. Şəkidə də günlük evlərin kirayəsi 5 dəfəyədək ucuzlaşmışdı. Sputnik Azərbaycan-ın bölgə müxbiri şimal-qərb bölgəsindəki hazırkı vəziyyəti araşdırıb. Məlum olub ki, bu il yüksək tələbat səbəbindən qiymətlər yenə əvvəlki vəziyyətinə qayıdıb.

Rayon sakini Barat Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, artıq qonaqları qarşılamağa hazırdırlar: “Keçən il pandemiya ilə əlaqədar olaraq heç bir nəfər də gələn olmadı. 100 manat, 80 manatlıq evləri 30 manata, 20 manata da saldırdıq, amma gələn olmadı. İndi yenə 80 manata, 100 manata razılaşma yolu ilə verə bilərik”.

Rieltor İlqar Muradov bildirir ki, bu il günlük kirayə evlərə tələbat çoxdur. Qiymətlər də ərazidən asılı olaraq 80-150 manat arasında dəyişir:

“Ay yarımdır ki, mənə zənglər gəlir, evlər sifariş olunur. Şəhərin yuxarı hissəsində -  Xan Sarayı tərəfdə, “Marxal”, “Dodu məhəlləsi” tərəflərdə qiymətlər 100-150 manat civarındadır. Qiymətlər öz axarına düşüb. Aşağıda isti olduğu üçün 30 manat civarında fərq var”.

Zaqatalada da günlük kirayə evlərə tələbat artıb. Rieltor İlkin Mirzəyinin sözlərinə görə, turistlər ən çox dağətəyi və yaşıllıq ərazilərdəki evlərə üstünlük verirlər: “Əvvəllər şəhərdəki evlərə maraq var idisə, indi kənd evlərinə üstünlük verirlər. Həm şəhərə yaxın, həm də dağətəyi olduğu üçün Car kəndindəki evlərə turistlərin marağı daha çoxdur”.

Rieltor bildirib ki, ötən ilə nisbətən qiymətlərdə də xeyli fərq var.

“Keçən il turist az idi deyə 50 manatlıq evlər hətta 20 manata qədər düşmüşdü. Bu il yaxşıdır. Tələbat var, gələn-gedənlərimiz var. Qiymətlər hazırda 30 manatdan başlayır. Şəraitdən asılı olaraq da 40-50, hətta 100 manata kimi qiymətlər dəyişir”.

Ev sahibləri də turist axınını nəzərə alaraq qiymətləri artırıblar. Rayon sakini Hikmət Məmmədovun sözlərinə görə, qonaqla danışıqdan asılı olaraq endirim də edirlər.

“Ötən il evləri 20 manata da verirdik, ancaq qalan yox idi. Bu il adam sayına baxırıq. 50 manata veririk, 40 manata olur. Tək adam olsa, 30 manata da veririk. Bir də uzunmüddətli qalan olanda endirim edirik. Gələn də var".

Rieltorlar vurğulayıblar ki, bu il xarici ölkələrə getməkdə müəyyən məhdudiyyətlər olduğundan vətəndaşlar əsasən rayonlara üz tutacaqlar. Bu səbəbdən də gündəlik kirayə ev qiymətlərinin iyul-avqust aylarında daha da artacağı gözlənilir.

Eləcə də oxuyun:

4
Teqlər:
yay mövsümü, qiymətlər, Qax, Zaqatala, Şəki, bölgələr, kirayə mənzil, kirayə ev, kirayə
Uşaq bağçası

Son 29 ildə Azərbaycanda uşaq hüquqları necə qorunub?

2
Ümumiyyətlə, son illərdə zorakılıq halları, narkotikə düçarolma, eyni zamanda uşaq nikahlarında azalmalar müşahidə edilib.

BAKI, 21 iyun — Sputnik. 21 iyun 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. 29 ilədək bir vaxt keçib. Maraqlıdır, bu illərdə hansı işlər görülüb, hansı nəticələr əldə olunub?

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Azərbaycanda uşaq hüquqlarının durumu ilə bağlı BMT-nin Uşaq Hüquqları Komitəsinə 4-5 ildən bir hesabatlar təqdim edilir. Ölkədə uşaqların təhsil, səhiyyə, idman, sağlamlıq və digər hüquqlarının müdafiəsi ilə bağlı dövlət tərəfindən icra edilən məsələlər müzakirə edilir, hesabatlar təqdim edilir.

Eyni zamanda da olan boşluqların doldurulması, qanunvericiliyin təkmilləşdirilməsi, uşaqlara qarşı zorakılıq, intiharlar, uşaq nikahları ilə mübarizə, onların təhsildən yayınmasının və bu kimi halların qarşısının alınması ilə bağlı olaraq da dövlət tərəfindən icra edilən məsələlər müzakirə edilir və hesabatlar təqdim edilir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Azərbaycanın son 4 hesabında açıq-aşkar inkişafı görmək mümkündür. Bu isə o deməkdir ki, uşaq hüquqlarının müdafiəsində bəzi irəliləyişlər var".

"Uşaq nikahlarının, uşaqlara qarşı zorakılıq faktlarının, eyni zamanda da onların təhsildən uzaqlaşması hallarının azalmasının yox səviyyəsinə çatdırılması, bununla belə, məcburi əməyə cəlbedilməsi ilə bağlı primitiv mexanizmlərin təkmilləşdirilməsi və ümumiyyətlə, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi və ötən il uşaq hüquqlarının müdafiəsi ilə bağlı qəbul edilən Milli Fəaliyyət Planını xüsusi ilə qeyd etmək istəyirəm. Lakin qeyd edim ki, buna baxmayaraq Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı problemlər var. Küçə uşaqlarının sayı ildən-ilə azalsa da, barmaqla sayılası qədər olsa da, hələlik bu problem də qalmaqdadır. Zorakılıq, uşaqları nikaha məcburetmə halları var. Ona görə də primitiv mexanizmlərin gücləndirilməsi üçün tədbirlər davam etdirilməlidir", - deyə o əlavə edib.

Komitə rəsmisi bildirir ki, bu kimi problemlərin aradan qaldırılması üçün təhlil araşdırmalar keçirilir.

Elgün Səfərov çox vacib olan bir nüansa da toxunub: "Hazırda regionlarda və şəhərlərdə yetkinlik yaşına çatmayan şəxslərin narkotikə düçar olması ilə bağlı və onun primitiv mexanizmlərinin işlənməsi ilə bağlı araşdırmalar aparılır. İkinci araşdırmamız da var. Bu araşdırma insan alverinə məruz qalanlarla - onlara dəstək, cəmiyyətə qaytarılması, reabilitasiyası ilə bağlıdır. Qeyd edim ki, eyni zamanda yetkinlik yaşına çatmayan şəxslərlə bağlı tədbirlər də davam etdirilir".

Komitə rəsmisi bildirib ki, ümumiyyətlə, son illərdə zorakılıq halları, narkotikə düçarolma, eyni zamanda da uşaq nikahlarında da azalmalar olub. Son 20 il ərzində azalmalar var. Hətta uşaq evlərində olan uşaqların sayında da 7 dəfəyədək azalma var. Lakin qeyd edim ki, problemlər də dəyişib. Son 5 ildə uşaqlara qarşı kibercinayətkarlığın sayında artım olub. Lakin daha öncəki illərdə bunlar yox idi".

 İnternat müəssisələrində zorakılıq faktlarına gəldikdə isə E.Səfərov daha öncəki çıxışında da bildirmişdi ki, 2019-2021-ci illərdə internat müəssisələrində heç bir uşaq zorakılığı faktı qeydə alınmayıb. Bu barədə Daxili İşlər Nazirliyindən əldə etdiyimiz sorğuda qeyd edilir.

O, həmçinin son illərdə uşaq nikahlarının da 10 dəfəyədək azaldığını bildirmişdi. Belə ki,10 il əvvəl 4500 civarında olan uşaq nikahları bu gün 350 civarındadır. Xüsusən də cənub zonasında uşaq nikahlarının sayı xeyli azalıb. Uşaq nikahlarının respublika üzrə sayına görə cənub bölgəsi 5-6-cı yerlərdə qərarlaşıb. Cənub zonasından fərqli olaraq Bakı şəhəri və Bakı kəndlərindəki vəziyyət bir o qədər də ürəkaçan deyil. Bakı kəndləri uşaq nikahlarına görə respublikada ilk yerdə qərarlaşıb".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı hesabata görə, Azərbaycanda 2018-ci illə müqayisədə 2019-cu ildə yaşı 18-dək olan analar təəfindən doğulan uşaqların sayında artım olub. Belə ki, 2018-ci ildə bu rəqəm 2129, 2019-cu ildə isə 2320 olub ki, bu faktların 717-si şəhərlərdə qeydə alınıb.

Statistika Komitəsinin ötən il açıqlanan rəqəmlərinə görə, Azərbaycanda internat müəssisəslərində olan uşaqların sayında da azalmalar olub. Belə ki, 2016-cı ildə belə uşaqların sayı 179, 2019-cu ildə 147, 2020-ci ildə isə 121 olub. 

Mənfi tendensiya isə 18 yaşadək olan uşaqlar arasıda xəstələnmə hallarının artması ilə bağlıdır. Belə ki, illər üzrə göstəriciyə baxdıqda hesabatın açıqlandığı son ildə bu rəqəmin artdığını görə bilərik. Belə ki, 2020-cu ildə bu rəqəm 735 min 920, 2019-cu ildə 809 min 400 olub.

2