həbs

Jurnalistin ölümünə görə 6 nəfər barədə həbs qətimkan tədbiri seçilib

322
(Yenilənib 18:59 11.08.2015)
İstintaq zamanı Rasim Əliyevə məxsus “İphone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılaraq yaşadığı Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub.

BAKI, 11 avq-Sputnik. Avqustun 8-də Bakının Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən və avqustun 9-da orada vəfat edən reportyor Rasim Əliyevin işi ilə bağlı  altı nəfər barəsində həbs qətimkan tədbiri seçilib

Sputnik Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatına istinadən bildirir ki, fakt üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi facebook səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.

Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə, Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüblər. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

İstintaq zamanı R.Əliyevə məxsus “İphone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılaraq yaşadığı Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.

E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

İstintaqın gedişi və həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məruzə olunur.


322
Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
Toyuq əti, arxiv şəkli

Toyuq əti ilə bağlı şok məlumat - Ayaqqabı boyası ilə boyanırmış

2
(Yenilənib 18:39 21.09.2020)
AQTA bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edib

BAKI, 21 sentyabr — Sputnik. Son zamanlar qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, topdan və pərakəndə satış obyektlərində, bazarlarda və yarmarkalarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət baytarlıq nəzarəti tədbirləri zamanı bir sıra heyvan mənşəli məhsulların, o cümlədən ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsulların dövlət baytarlıq nəzarətinə təqdim edilmədən satışının həyata keçirildiyi faktları aşkar edilməkdədir. Sputnik Azərbaycan-ın məlumatına görə, AQTA bununla bağlı xəbərdarlıq edib.

Agentliyin məlumatında qeyd olunur ki, cari ildə ölkəyə idxal olunan quş əti və məhsulları üzərində həyata keçirilən risk əsaslı nəzarət tədbirləri zamanı laborator müayinələr üçün nümunələr götürülmüş və normativ texniki sənədlərin tələblərinə cavab verməyən Rusiya, Belarus, Ukrayna, Gürcüstan mənşəli 49.307 ton toyuq məhsulu məhv edilib, 30.964 ton toyuq məhsulu isə geri qaytarılıb: "Təəssüflə deməliyik ki, yerli quşçuluq müəssisələrində də aparılan monitorinqlər zamanı aşkar olunan norma və qayda pozuntuları bu sahədə vəziyyətin qənaətbəxş olmadığının göstəricisidir. Bəzi təsərrüfatlar nəinki özləri effektiv baytarlıq nəzarətini təşkil etmir, həmçinin dövlət baytarlıq nəzarətinin təmin edilməsinə də maneələr yaradılmasına cəhd edirlər.

Agentlik tərəfindən bu müəssisələrdə nəzarət qaydasında həyata keçirilən fəaliyyət zamanı quş cəmdəklərinin ayaqqabı sənayesində dərilərin boyanması üçün istifadə edilən anilin boyası vasitəsilə sarı rəngə boyanaraq kənd toyuğu adı altında insanlara satılması, toyuğun çəkisini artırılması məqsədilə cəmdəklərə 30-40 faiz su vurulması, istifadə müddəti keçmiş quş əti və məhsullarının, habelə yumurtanın istehsal tarixini dəyişərək yenidən satış şəbəkələrinə qaytarılması, müxtəlif xəstəliklərdən quşların kütləvi ölüm hallarının gizlədilməsi və s. kimi halların aşkar olunması bu müəssisələrə dövlət nəzarətinin vacibliyini bir daha zəruri edir. Aşkar edilən bu pozuntular ictimailəşdirilərək, geniş istehlakçı kütlələri məlumatlandırılıb və əhalinin ciddi və haqlı qınağı ilə qarşılanıb".

"AQTA bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edərək bildirir ki, dünyada yayılmaqda olan COVID-19 pandemiyası şəraitində bəzi işbazlar təsərrüfat subyektlərinin sahibləri ilə əlbir olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən heyvan mənşəli məhsulların satışa təqdim edilməsi hallarına yol verirlər ki, bu da əhali arasında kəskin zoonoz infeksiyalarının yaranmasına səbəb ola biləcək qanun pozuntusudur. Agentlik tərəfindən baytarlıq qanunvericiliyinin pozulmasına görə bu sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən sərt tədbirlər görüləcəkdir".

Qeyd edək ki, heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizasından keçmədən satışı əhalinin zoonoz xəstəliklərə yoluxmasına zəmin yaradır.

2
Teqlər:
qayda pozuntusu, quşçuluq, ayaqqabı boyası, AQTA, toyuq əti
Əlaqədar
Braziliyadan göndərilən dondurulmuş toyuqlarda koronavirus aşkarlandı
Səhərlər toyuq və balıq əti ilə hazırlanmış yeməklər yeyin
Quşçuluq təsərrüfatları çətin dönəmdə - Yeməyə toyuq tapmayacağıq
Qida zəhərlənmələrindən qorunmaq üçün AQTA-dan zəruri tövsiyələr
Toyuqlara vurulan mayenin tərkibi ilə bağlı həyəcan təbili çalındı
FHN və təcili tibbi yardım avtomobili, arxiv şəkli

Bakıda baş verən yanğın avtomobil yolunda hərəkəti iflic edib

4
(Yenilənib 18:42 21.09.2020)
BNA: Heydər Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə baş verən yanğın səbəbindən H.Əliyev-Hava limanı yolunda, xüsusən də Sabunçu istiqamətində köməkçi yolda sıxlıq müşahidə olunur.

BAKI, 21 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nəticədə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Məlum olub ki, 0,5 ha sahədə qamışlıq və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Heydər Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə baş verən yanğın şəhərdə avtomobil sıxlığına səbəb olub.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. O qeyd edib ki, Heydər Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə baş verən yanğın səbəbindən H.Əliyev-Hava limanı yolunda, xüsusən də Sabunçu istiqamətində köməkçi yolda sıxlıq müşahidə olunur.

4
Teqlər:
yanğınsöndürmə, Bakıda yanğın, bakı yanğın, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, BNA