Хикмет Гаджиев

Avropa Şurası jurnalistin ölümünü siyasiləşdirir

24
(Yenilənib 10:45 11.08.2015)
Hikmət Hacıyev: Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb.

BAKI, 11 avq-Sputnik. Avropa Şurasının Baş Katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlaması cinayət işinin mahiyyətinə uyğun olmayaraq, onun siyasiləşdirilməsinə xidmət edir.

Sputnik xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

H.Hacıyevin sölərinə görə,mərhum Rasim Əliyevin daşıdığı jurnalist fəaliyyəti də açıqlamada düzgün göstərilməyib.

Thorbjorn Jagland, the Secretary General of the Council of Europe
© Sputnik / Maksim Blinov
Thorbjorn Jagland, the Secretary General of the Council of Europe

“Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən Azərbaycanda  baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb.

Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar cinayət işinin araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə təqsirkar bilinən şəxslər məhkəmənin qərarı ilə qanun qarşısında ən layiqli cəzalarını alacaqlar”- deyə H.Hacıyev qeyd edib.

O bildirib ki, vətəndaşların hüquq və mənafelərinin qorunması, qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən, KİV-in azadlığının tam şəkildə təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifəsidir:

“Azərbaycanda dövlət qurumları və vətəndaş cəmiyyəti arasında sıx dialoq mövcuddur və bu özünü insan hüquqları daxil olmaqla, bütün mühüm məsələlərin müzakirəsində aydın şəkildə göstərir. AŞ-nın nümayəndələri də bu cür dialoqu səciyyələndirən görüşlərdə iştirak etdiyi halda, AŞ Baş katibinin bundan xəbərsiz olması təəccüb doğurur.

AŞ və bütün digər dairələri Rasim Əliyevin ölümü ilə nəticələnən bu faciəni və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq” — deyə Hacıyev bildirib.   

24
Teqlər:
jurnalist Rasim Əliyevin ölümü, Rasim Əliyevin ölümü, XİN mətbuat xidməti, Xarici İşlər Nazirliyinin mətbuat xidməti, Xarici İşlər Nazirliyi, XİN, Hikmət Hacıyev, Avropa Şurasının Baş Katibi, Torbyorn Yaqland, Azərbaycan
Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)