İlham Əliyev və KİV rəhbərləri

Baş redaktorlar prezidentin hərəkətini təqdir ediblər

29
(Yenilənib 21:05 10.08.2015)
Rauf Arifoğlu: Prezidentin sözləri söz və mətbuat azadlığı ilə bağlı gözlənən standartlar çərçivəsindədir. Buna görə də mən çox məmnunam.

BAKI, 10 avq — Sputnik. "Prezident İlham Əliyevin Rasim Əliyevlə bağlı hadisəyə münasibəti qətiyyətli və prinsipial mövqedir. Bu mövqe cənab prezident tərəfindən ölkədə söz və mətbuat azadlığının təmin olunması sahəsində görülən konkret işlərin davamıdır".

Sputnik xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.

Baş redaktor deyib ki, faciə baş verib: "Cavan insan fiziki təzyiqlərə məruz qalıb və sonradan dünyasını dəyişib. Bu, birmənalı cinayət hadisəsidir. Azərbaycan iqtidarı da cinayətdə əli olanların tapılıb cəzalandırılması üçün lazımi addımları atır. Prezident İlham Əliyev bu məsələ ilə bağlı münasibətində sosial şəbəkədəki fikir plüralizminə də Azərbaycandakı söz və mətbuat azadlığının tərkib hissəsi kimi baxdığını xüsusi vurğulayıb. Cənab prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, azad internet olduğu yerdə söz azadlığının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Bu mənada sosial şəbəkədə yazdığı fikrə görə jurnalist zorakılığa məruz qalıbsa, bu da müəyyən mənada söz azadlığına təhdid kimi səslənə bilər. Ona görə də prezident bu məsələyə öz qətiyyətli mövqeyini bildirib. Bir daha belə bir hadisənin baş verməməsi üçün bu hadisəni törədənlər hüquqi qaydada öz cəzalarını alacaqlar”.  

Sadıqov Rasim Əliyevin cinayət hadisəsinə Azərbaycan dövlətinin mövqeyi kifayət qədər aydındır: “Rasim Əliyevin valideynləri də həqiqəti bilir. İndi bunu ayrı cür mənalandırmaq ölən insanın ruhuna narahatlıq gətirir. Mən həm də hər xırda hadisədən istifadə edib öz dövlətinin imicinə ziyan vurmaq istəyənlərin hərəkətini anormallıq hesab edirəm".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da prezident İlham Əliyevin jurnalistin vəfatının araşdırılmasını nəzarətə götürməsindən məmnunluğunu ifadə edib: “Biz bunu gözləyirdik. Prezidentin sözləri söz və mətbuat azadlığı ilə bağlı gözlənən standartlar çərçivəsindədir. Buna görə də mən çox məmnunam. Ümid edirəm ki, prezidentin məsələyə ən yüksək səviyyədə münasibəti baş verən qətl hadisəsinin tam açılması və təqsirkarların bütünlüklə cəzalandırılması nəticəsini ortaya qoyacaq ”.

Arifoğlu eyni zamanda Rasim Əliyevin ölümünün Elmar Hüseynov və Rafiq Tağının qətlləri ilə eyniləşdirilməsini düzgün hesab etməyib: " Burada məsələ kifayət qədər aydındır, Rasim Əliyevi qətlə yetirməkdə şübhəli bilinənlər də bəllidir. Bu cinayət “facebook”da yazılan statusa görə baş verib və çox təəssüf ki, həyatını itirən tərəf jurnalist olub. Biz buna görə çox üzülürük. Səbəbkarların cəzalandırılmasını sona qədər tələb edəcəyik”.

“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, prezident İlham Əliyevin hadisəyə münasibəti onun üçün də gözlənilən olub: "Azərbaycan prezidenti indiyə qədər media orqanları, həmçinin jurnalistlərlə, onların fəaliyyəti və səhhətləri ilə bağlı olan bütün məsələlərə həssas yanaşıb, müraciətləri müsbət cavablandırıb. Elə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə sonuncu görüşündə də prezident medianın onun ən yaxşı yardımçılarından biri olduğunu, medianın azad fəaliyyətinə xüsusi önəm verdiyini vurğulamışdı".

Mahirqızı deyib ki, prezident İlham Əliyevin hadisəyə münasibətində bundan sonra da xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirməsi cəmiyyətin bütün təbəqələrinə mesajdır: " Bu qarant eyni zamanda jurnalistlərin bundan sonrakı fəaliyyətinə dəstək olacaq".

Mahirqızı qeyd edib ki, baş verən hadisə hamını sarsıdıb: " Jurnalistlər isə daha çox sarsılıblar. Cəmiyyətdə belə hadisənin baş verməsinin  sarsıntısı ilə yanaşı jurnalist həmkarımızı itirməyin ağrısı da var. Mən tezliklə hüquq-mühafizə orqanlarının günahkarları cəzalandırması barədə açıqlamaları ilə tanış olacağımıza inanıram. Eyni zamanda biz bu hadisədən nəticə çıxarıb, həm media, həm də ailə və təhsil institutlarımızda dözümlülük, ictimai davranış qaydaları ilə bağlı yorulmadan təbliğat aparmalıyıq".  

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də prezident İlham Əliyevin məsələyə münasibətini ümumilikdə mediaya, azad sözə verilən qiymətin göstəricisi hesab edir: “Prezident İlham Əliyev hər zaman Azərbaycan mətbuatının problemlərinə diqqətlə yanaşıb və jurnalistlərlə bağlı məsələlərdə xüsusi həssaslıq nümayiş etdirib. Bu bir daha cənab prezidentin mediaya, azad sözə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirilməlidir. Baş verən hadisə şübhəsiz ki, üzücüdür. Amma bu kriminal, cinayət xarakterli hadisədir. Hesab edirəm ki, Azərbaycan mətbuatı, bütövlükdə vətəndaşlarımız da baş verən hadisədən nəticə çıxartmalıdırlar”.

Avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən jurnalist Rasim Əliyev daxili qanaxma nəticəsində dünyasını dəyişib. Rasim Əliyev ölümündən əvvəl onu döyənlərin "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları olduğunu iddia edib. Buna səbəb kimi “Facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib. 

Rasim Əliyev Ann Tv-nin əməkdaşı olub. 

29
Teqlər:
Xalq Cəbhəsi, APA, Yeni Müsavat, mətbuat, cinayət, jurnalist, Azərbaycan, ann, Rasim Əliyev, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Vüsalə Mahirqızı, Rauf Arifoğlu, prezident, İlham Əliyev, İlham Əliyev, Azərbaycan
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

17
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

17
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

6
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

6
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus