Əcnəbi turistlər Türkiyəni İŞİD-lə müharibənin mərkəzi hesab edirlər

946
(Yenilənib 16:18 06.08.2015)
Göktaş: Bizdən soruşurlar ki, müharibə onların qalacağı oteldən nə qədər uzaqlıqdadır?

BAKI, 6 avqust – Sputnik. Bütün sahələrdə, əsasən də turizm sektorunda qarşısına 2023-cü il hədəfi qoyan Türkiyədə bu il işlər istənilən səviyyədə getmir. Türkiyə Statistika idarəsinin yaydığı son məlumatlar bunu deməyə əsas verir. Mütəxəssislər Türkiyə turizmində axsamanı İŞİD-in Türkiyə sərhədlərinə yaxınlaşması, PKK silahlılarının fəallaşaraq ölkəyə gələn turistlər üçün real təhlükəyə çevrilməsi izah ediblər.

Göktaş: Bizdən soruşurlar ki, müharibə onların qalacağı oteldən nə qədər uzaqlıqdadır?

İstanbulun qızıl üçlüyü hesab edilən Taksim, Nişantaşı və Boğazdaki otellərin icraçı direktoru Can Göktaş Sputnik-ə açıqlamasında bildirib ki, son bir ayda yaşanan xoşagəlməz hadisələr və artan gərginlik ən çox turizmə ziyan vurur. 

“Belə davam edərsə, gələn il həm İstanbul, həm də turizm bölgələri üçün heç nə vəd etmir. Əvvəllər Misirdən qaçanlar Türkiyəyə gəlirdi, indi əksinə olub.” — deyə Göktaş bildirib. Onun fikrincə, əcnəbi turistlər Türkiyəni İŞİD-lə müharibənin mərkəzi hesab edirlər: “Bizə edilən zənglər zamanı soruşurlar ki, müharibə onların qalacağı oteldən nə qədər uzaqlıqdadır? Mən adamları qınamıram. Terror və silahlı mübarizənin istirahət etmək istəyən insanlar üçün də təhlükəli olduğu qaçılmazdır. Bununla belə, deyərdim ki, Türkiyə turistlər üçün təhlükəli yer deyil”.

Amma turizmçi əlavə edib ki, PKK-nın təhdidlərindən az sayda olsa da, zaman-zaman turistlər də zərər görüb.

Rusiyadan gedən turistlərin sayı 40% azalıb

Türkiyə Statistika idarəsinin yaydığı məlumatda isə bildirilir ki, ötən ilin ilk altı ayı ilə müqayisədə bu il Türkiyə turizm sektorundan 1 milyard lirə az qazanc əldə edib. Belə ki, 2014-cü ilin ilk 6 ayı ərzində turizmdən əldə olunan gəlir 13 milyard 783 milyon lirə idisə, 2015-ci ilin iyulunadək bu sahədən qazanılan gəlir 12 milyard 602 milyon lirə təşkil edib. Xarici turistlərin sayında da 13 %-lik azalma müşahidə olunur. Keçən il 34 milyon 305 min turist Türkiyəni ziyarət etmişdi, bu ilin sonuna qədər bu rəqəmə çatmağın mümkün olmayacağı qeyd olunur.

2014-cü ildə turizm gəlirlərinin 86.7 %-i əcnəbi qonaqların,  13,3 %-i isə xarici ölkələrdə yaşayan türk ziyarətçilərin payına düşüb. Adam başına orta hesabla xərclənən pulun məbləği 719 dollar olub. Bu il isə həmin rəqəmin 691 dollara qədər gerilədiyi açıqlanıb.

Türkiyədən başqa ölkələrə səyahət edənlərin sayı isə keçən ilə nisbətdə 9,6% artıb. 13 milyon 966 min vətəndaş xaricə istirahətə gedib. 

Ölkədaxili səyahət xərcləri 12,2% artaraq 3 milyard 695 milyon lirəyə çatıb.

Türkiyə turizmi üçün əhəmiyyətli yer olan Antalyada da vəziyyət yaxşı deyil. 

Ötən illə müqayisədə Antalyaya gələn turistlərin sayında 13%-ə qədər azalma müşahidə edilib. Son illərdə Antalyaya gələn hər üç turistdən biri Rusiyadan olurmuş. Bu il isə Rusiyadan gələn turistlərin sayı 40% azalıb. Türkiyə turizmçiləri bunu Rusiyadakı iqtisadi böhran, rus rublunun dollara qarşı məzənnəsinin aşağı düşməsi ilə izah edirlər.

946
Teqlər:
İŞİD, Türkiyə Statistika idarəsi, İŞİD terror qruplaşması, Can Göktaş, İstanbul, Türkiyə
Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
Maliyyə Nazirliyi

Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalması barədə

5
(Yenilənib 19:02 22.01.2021)
Maliyyə Nazirliyi hərbi qulluqçuların pul təminatı məsələsinə hər hansı populist və emosional çalarların qatılmasının qəbuledilməz olduğunu bəyan edir və müxtəlif “ekspertlər” tərəfindən məsələnin mahiyyətinə varmadan tələsik rəylərin verilməsini pisləyir

BAKI, 22 yanvar - Sputnik. "Bəzi mətbuat orqanlarda və sosial şəbəkələrdə hərbi qulluqçuların əməkhaqqının azaldılmasına dair dərc olunanlarla bağlı Maliyyə Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının hərbi qulluqçularının pul və maddi təminatı "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir. Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır".

Bu barədə Sputnik Azərbaycan-a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Vətən müharibəsi başlanan dövrdə elan edilən qismən səfərbərliklə Azərbaycan ordusunun şəxsi heyəti ehtiyatda olan zabit və gizirlər, habelə əsgərlər hesabına artırılıb: "Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbiçilərin bir hissəsi artıq tərxis edilib, bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının, o cümlədən “Hərbi qulluqçuların statusu haqqında” qanunun yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb".

Nazirlikdən bildirilib ki, Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi tərəfindən ikiqat pul təminatı təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödənilib: "Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğular edilib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq".

Eyni zamanda, işğal altında olan ərazilərin azad olunması nəticəsində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin qorunması ilə bağlı yeni vəzifələrin həyata keçirilməsinə başlanılıb. Hal-hazırda bu qurumla da Müdafiə Nazirliyində olduğu kimi ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir.

Bununla yanaşı, qeyd olunmalıdır ki, ikiqat əməkhaqqının hesablanması istinad olunan qanuna əsasən, döyüş şəraiti, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır.

Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrədək olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur. Bildiririk ki, rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və  maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək.

"Maliyyə Nazirliyi hərbi qulluqçuların pul təminatı məsələsinə hər hansı populist və emosional çalarların qatılmasının qəbuledilməz olduğunu bəyan edir və müxtəlif “ekspertlər” tərəfindən məsələnin mahiyyətinə varmadan tələsik rəylərin verilməsini pisləyir", - nazirlikdən bildirilib.

5
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 632 nəfər COVID-19-dan sağalıb

7
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.

BAKI, 22 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3 064 nəfər vəfat edib, aktiv xəstə sayı 6 443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, ötən müddət ərzində isə ümumilikdə 2 347 951 test aparılıb.

7