Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti: HDP kürdləri yox, PKK-nı təmsil edir

148
(Yenilənib 17:09 28.07.2015)
Rəcəb Tayyib Ərdoğan: PKK-ya arxalanan siyasətçilər cəzalanacaq.

BAKI, 28 iyul – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfəri öncəsi, hava limanında jurnalistlərin suallarını cavablandırıb. PKK və İŞİD-ə qarşı aparılan hərbi əməliyyatların davam edəcəyini deyən dövlət başçısı kürd siyasi partiyası olan HDP rəhbərliyinə sərt mesajlar ünvanlayıb. Ərdoğan, HDP-nin kürdləri yox PKK-nı təmsil etdiyini söyləyib. 

“Milli birliyimizə və qardaşlığımıza qəsd edənlərlə həll prosesini (çözüm süreci) davam etdirmək mümkün deyil. PKK onlara tanınan imkandan, sui-istifadə etdi. Biz bunu seçki ərəfəsində də gördük. Kürd qardaşlarımız qorxudularaq HDP-yə səs verməyə məcbur edildi. Demokratiya tapdalandı. Özlərini demokrat adlandıranlar (HDP) PKK terrorçularına arxalandı. Və bunun hesabını mütləq ödəyəcəklər” — deyə Ərdoğan qeyd edib. 

Jurnalistin “HDP siyasi partiyası qapadılacaqmı?” sualını cavablandıran prezident, partiyaların qapadılmasının əleyhinə olduğunu, ancaq terrorçularla iş görən istənilən şəxslərin cəzalandırılacağını ifadə edib.

Türkiyənin tələbi ilə bugün keçiriləcək NATO-nun təcili yığıncağına da toxunan Rəcəb Tayyib Ərdoğan, ölkəsinin quruma üzv olduğunu, bu səbəblə hücuma məruz qalan hər hansı ittifaq dövlətin, digər müttəfiq dövlətlər tərəfindən qorunmalı olduğunu yada salıb.

“Türkiyə bir NATO ölkəsidir. Və bu təşkilatın öz qanunları var. Əgər quruma daxil olan hər hansı dövlət təhlükə ilə üzləşərsə digər üzv ölkələr onu qorumağa və yanında olmağa məcburdur. Türkiyənin hazırda etdiyi tələb budur. Ölkə iki cəbhədə müharibə aparır. NATO-nun öz üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə inanıram” deyə Ərdoğan əlavə edib.  


148
Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)