Qarabağ qaziləri

Qaziləri məmurların özbaşınalığı biganəliyi narahat edir

29
(Yenilənib 20:13 27.07.2015)
Etimad Əsədov: Necə olur ki, prezident İlham Əliyev Qarabağ qazilərinə, şəhid ailələrinə, müharibə veteranlarına diqqət və qayğı göstərir, hamını onlara qarşı ədalətli olmağa çağırır, amma bəzi məmurlar buna məhəl qoymurlar?!

BAKI, 27 iyul-Sputnik.Əlillərin problemlərinin həlli ilə bağlı Milli Məclisə müraciət olunacaq. Sputnik xəbər verir ki, bunu Qarabağ Qaziləri Birliyinin sədri Ehtimad Əsədov “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı təkliflər paketi hazırlanıb və payızda problemlərin həlli ilə bağlı Azərbaycan Milli Məclisinə də müraciət ediləcək.

Əsədov bu cür layihələrə dəstək verdiyi üçün, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib. 

“Biz onsuz də uzun illərdir bu qəbildən olan insanların problemlərinin həllinə çalışırıq. Bu layihə gördüyümüz işlərin səmərəsini daha da artıracaq. Sözsüz ki, dövlət tərəfindən, xüsusilə prezident İlham Əliyev tərəfindən Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğı göstərilir, onların problemlərinin həllinə çalışılır. Biz də bu işdə dövlətə, müvafiq dövlət strukturlarına kömək etməyə çalışırıq. Problemləri konkret dövlət qurumları qarşısında qaldırırıq. Bizi ən çox narahat edən bəzi məmurların özbaşınalığı, biganəliyidir. Necə olur ki, prezident İlham Əliyev Qarabağ qazilərinə, şəhid ailələrinə, müharibə veteranlarına diqqət və qayğı göstərir, hamını onlara qarşı ədalətli olmağa çağırır, amma bəzi məmurlar buna məhəl qoymurlar?!” – deyə Əsədov bildirib.

Onu da əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qayğıya ehtiyacı olan əlillərin problemlərinin həllinə yardım edir. Amma bir sıra problemlər həll olunmamış qalır. 

Konfransda çıxış edən layihənin rəhbəri “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədov da problemlərdən və görülən işlərdən danışıb. O deyib ki, Qarabağ əlillərinin, veteranlarının və şəhid ailələrinin öz hüquqlarını daha yaxşı bilməsinə böyük ehtiyac var. 

 

29