Захид Орудж

Türkiyə böyük təxribata sürüklənir

52
(Yenilənib 20:14 27.07.2015)
Zahid Oruc: Türkiyə Yaxın Şərqin xəritəsini dəyişdirmək yolunda ən böyük maneədir.

BAKI, 27 iyul-Sputnik. Dünyadakı bəzi qüvvələr son günlərdə Türkiyənın daxilindəki hakimiyyət boşluğundan istifadə edib bu ölkəni mürəkkəb regional proseslərə cəlb etməklə öz maraqları üçün faydalanmaq istəyirlər.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, Türkiyədə hökumətin formalaşa bilməməsi bir sıra problemlərə yol açır. “Ona görə də siyasi qüvvələr öz iddialarından geri çəkilib, dövlət və xalq naminə bir araya gəlib hökuməti formalaşdırmalıdırlar. Əks təqdirdə Türkiyədəki bu böhranlı vəziyyət daha da dərinləşə bilər. Ancaq ümid edirik ki, Türkiyə böyük dövlət olduğundan bunun öhdəsindən gələcək.” — deyə millət vəkili vurğulayıb.

Son günlərdə Türkiyənin antiterror əməliyyatları haqqında mövqeyini açıqlayan millət vəkili bildirib ki, hazırkı dövrdə bəzi qüvvələr Türkiyəni hədəf seçib və öz məqsədlərinə nail olmaq üçün İŞİD-dən istifadə edirlər: “Bu gün müxtəlif  qüvvələrin guya İslam bayrağı qaldıran, əslində isə beynəlxalq başkəsən muzdlu ordusu olan İŞİD-dən istifadə edərək Türkiyəni hədəf seçmək planı artıq ortadadır. Bizə bəllidir ki, İŞİD öz-özlüyündə xilafət qurmağı qarşıya məqsəd qoymuş  antisionist və yaxud antiamerikan qruplaşma deyil. Burada müxtəlif dövlətlər öz şəbəkələrini qurublar və idarə edirlər. Açıq desək, İŞİD bu gün müxtəlif dövlətlərin işinə yarayır. Elə bu məqsədlə də Türkiyədə İŞİD-in məlum terror əməliyyatları həyata  keçirilir.”

Millət vəkilinin fikrincə, Türkiyəni İŞİD və PKK ilə aktiv mübarizəyə cəlb etmək, əslində rəsmi Ankaranı istəmədiyi halda, zorən bataqlığa çəkməkdir. “Türkiyəni münaqişədə tərəfə çevirmək istəyirlər. Halbuki, Türkiyə özünün sərhəddində sabit Suriya və İraq dövlətlərinin olmasını istəyirdi. Türkiyə özünün böyük bir müharibəyə cəlb olunduğunun fərqindədir.” — deyə Zahid Oruc əlavə edib.

Millət vəkili onu da deyib ki, bu hadisələrin İranla Qərb arasında nüvə silahına dair razılaşmadan sonra baş verməsi də təsadüfi deyil: “Burada hansısa problemin olduğu ortadadır və Türkiyəni böyük bir təxribata sürükləmək istəyirlər. Türkiyənin daxilindəki vəziyyəti də gərginləşdirməyə çalışırlar. Bu qüvvələrin niyyəti Yaxın Şərqin xəritəsini dəyişdirməkdir və onlar bu niyyətinə çatmaq üçün Türkiyədən istifadə edirlər. Çünki Türkiyə bu yolda o qüvvələrə ən böyük maneədir.” – deyə Oruc bildirib.


 

52