Apple - Samsung

"Apple" korporasiyası "Samsung"dan az qazanır

21
(Yenilənib 12:40 27.07.2015)
"Fortune Global 500" siyahısına görə dünyanın ən çox qazanan satış şirkəti "Wal-Mart" supermarketlər şəbəkəsidir.

BAKI, 27 iyul – Sputnik. "Fortune" jurnalı dünyanın 500 ən böyük şirkətinin illik reytinqini dərc edib. Reytinqdə şirkətlər ötən maliyyə ili ərzində əldə etdikləri mədaxilin həcminə görə seçiliblər.

Sputnik xəbər verir ki, "Fortune Global 500" siyahısında ABŞ-ın "Apple" korporasiyası 15-ci yeri tutaraq "Samsung" şirkətindən iki pillə geridə qalıb. "Samsung" il ərzində 195 milyard, "Apple" isə 183 milyard dollar qazanc əldə edib. Lakin reytinqdə xalis gəlirə görə "Apple" həm "Samsung"dan, həm də reytinqin digər iştirakçılarından xeyli yüksək pillədə qərarlaşıb. 39,5 milyard dollarlıq xalis gəlirlə "Apple" 500 şirkət arasında ikinci, "Samsung" isə doqquzuncu yerlə (21,9 milyard dollar) kifayətlənib. "Microsoft" korporasiyası 22 milyard dollar xalis gəlir əldə etməklə "Samsung"u bir pillə geridə qoyub.

"Fortune Global 500" siyahısında lider dünyanın ən böyük pərakəndə satış şirkəti "Wal-Mart" supermarketlər şəbəkəsidir. Şirkətin illik mədaxili 485,6 milyard, xalis gəliri 16,3 milyard dollar təşkil edib. Siyahıda ikinci yerdə Çinin neft-kimya şirkəti "Sinopec Group" qərarlaşıb. Bu şirkət il ərzində 446,8 milyard dollar qazanıb ki, bu da 2014-cü ildən 2 faiz azdır.

21
Teqlər:
Apple Samsung, Apple - Samsung