Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefonla danışarkən

Ərdoğanla Putin son günlər baş verənləri müzakirə ediblər

10
(Yenilənib 09:56 27.07.2015)
Türkiyə və Rusiya lideri bölgənin problemlərini müzakirə etmək üçün Antalyada görüşəcəklər.

Bakı, 27 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin iyulun 26-da telefonla danışıblar. 20 dəqiqə sürən söhbət əsnasında Türkiyənin həyata keçirdiyi son antiterror əməliyyatları və regional məsələlər müzakirə edilib.  

Sputnik Türkiyənini "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, iki ölkənin liderləri terrorçu İslam Dövləti (İŞİD) təşkilatından gələn təhlükələrlə mübarizə sahəsində ikitərəfli və çoxtərəfli koordinasiyanın daha da gücləndirilməsi məsələsini müzakirə ediblər.   

Prezidentlər qeyd ediblər ki, terrorun və ekstremizmin yayılmasının qarşısının alınmasında uğur əldə etmək üçün bütün maraqlı dövlətlərin beynəlxalq hüquqi əsaslarla səylərini konsolidasiya etməsi vacibdir.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Putin və Ərdoğan həmçinin Yaxın Şərq, əsasən də Suriya və İraqdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.Putin son günlər baş verən terror nəticəsində və antiterror əməliyyatlarında həyatlarını itirmiş əsgərlər və polislərlə bağlı Ərdoğana başsağlığı verib.Yaralılara şəfa diləyib. 

Ərdoğan Suriyadakı xaosun Türkiyənin milli təhlükəsizliyini təhdid etdiyini vurğulayıb, beynəlxalq hüquqdan qaynaqlanan özünümüdafiə hüququ çərçivəsində Suriya tərəfdəki bəzi DAEŞ hədəflərinin bu günlərdə vurulduğunu anladıb. BMT-nin şərtlərinin 51-ci maddəsinə əsasən DEAŞ-a qarşı atılan addımlar haqqında BMT Təhlükəsizlik Şurasını məlumatlandırdıqlarını xatırladan Ərdoğan PKK da daxil olmaqla hər cür terrorun gətirəcəyi təhlükələri dəf etmək məsələsində Türkiyənin israrlı olduğunu söyləyib. 

Görüşdə Suriya məsələsində bəzi fikir ayrılıqlarına baxmayaraq, Türkiyə və Rusiyanın bölgədə sabitliyə önəm verdiklərini vurğulayan Ərdoğan, problemin həlli üçün məsləhətləşmələri intensivləşdirməyin vacibliyini diqqətə çatdırıb. Ərdoğan Suriyada inqilabı sorğulamayacaq, xalqın dəstəyinə malik olan tam səlahiyyətli bir keçid hökümətinin təsis edilməsi üçün beynəlxalq ictimaiyyətin ortaq məxrəcə gəlməsinin lazım olduğunu deyib. 

Ərdoğanla Putin noyabrda Antalyada keçiriləcək G-20 zirvəsində ikitərəfli görüş keçirərək bölgə ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparmaq qərarına gəliblər. 

İyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində terror aktı törədilib.

Nəticədə 32 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. İstintaqın məlumatına görə, terror aktını 20 yaşlı Şeyx Əbdürrəhman Alagöz törədib. Türkiyə hakimiyyəti partlayışın İŞİD tərəfindən təşkil edildiyini açıqlayıb.

Bunun ardınca Türkiyə  Hərbi Hava Qüvvələri İŞİD-in Suriya və İraqdakı hədəflərinə aviazərbələr endirib.

Eyni zamanda Türkiyə hökuməti İŞİD-in mövqelərinə hava zərbələri endirmək üçün Adanadakı İncirlik hərbi bazasını ABŞ Hərbi Hava Qüvvələrinin ixtiyarına verib.


10