Kepler-452b

İnsanın yaşaya biləcəyi yeni planet tapıldı

1350
(Yenilənib 13:07 24.07.2015)
NASA Günəş sistemindən kənarda daha bir ekzoplanet – ölçüləri və xüsusiyyətləri Yer kürəsinə bənzəyən “Kepler-452 b” planeti aşkarladığını bütün dünyaya elan edib.

BAKI, 23 iyul — Sputnik. Amerika Kosmik Agentliyi – NASA çox mühüm elmi kəşfə imza atıb.

İKT.lent.az-ın xəbərinə görə, kosmik agentlik Günəş sistemindən kənarda daha bir ekzoplanet – ölçüləri və xüsusiyyətləri Yer kürəsinə bənzəyən “Kepler-452 b” planeti aşkarladığını bütün dünyaya elan edib. Bu kəşf alimlərin həmin planetdə həyatın mövcud olması və yerdəki insanların oraya köçürülməsinin mümkünlüyü barədə müzakirələr aparmasına əsas yaradır.

“Kepler-452 b” Günəşə bənzəyən ulduzun yaxınlığında yerləşir. Ulduza qədər olan məsafə və onun ölçüsü planetdə maye halında suyun olduğunu və beləliklə, həyatın mövcudluğunu söyləməyə imkan verir. Lakin hər şey planetin atmosferinin nədən ibarət olduğu və orada temperaturun səviyyəsindən asılıdır. Alimlər hələlik bu barədə heç nə bilmir.

“Kepler-452 b”ni işıqlandıran ulduzun təxminən 6 milyard yaşı var və o, Günəşdən 1,5 milyard il böyükdür. Ulduz nə qədər böyükdürsə, deməli, onu əhatə edən planetlərə daha çox enerji verir. “Biz “Kepler-452 b”yə Yerin böyük qardaşı kimi baxa bilərik. Bizə inanılmaz şəkildə ilham verən odur ki, bu planet öz ulduzunun ətrafında Yerdən daha çox – 6 milyard il keçirib. Bu isə həyatın əmələ gəlməsi üçün yetərli imkandır, bir şərtlə ki, orada bunun üçün bütün şərait və inqredientlər mövcud olsun”, — deyə NASA-nın tədqiqat mərkəzinin aparıcı analitiki Con Cenkins deyib.

“Kepler-452 b” Yerin ölçülərinə uyğun gələn ilk planetdir. O, öz günəşi ətrafında 385 gündən bir fırlanır və Yerdən təxminən 1400 işıq il uzaqdadır. Planet öz günəşindən Yerin Günəşdən aldığı enerjidən 10% daha çox enerji alır.

Qeyd edək ki, alimlər “Kepler” teleskopunun köməyi ilə Günəş sistemindən kənarda daha öncə də Yerə oxşayan planetlər aşkarlayıblar. 2014-cü ildə NASA Yerin ölçüləri ilə müəyyən qədər uyğun gələn ilk planetin — “Kepler-186 f”in aşkarlandığını açıqlamışdı. Bu planet Yerdən 500 işıq ili uzaqdadır, öz “günəşi” ətrafında 130 gündən bir dövr edir və Yerin Günəşdən aldığı enerjinin üçdə biri qədər enerji alır. “Kepler-186 f”in kütləsi və tərkibi bəlli deyil. 2011-ci ildə alimlər Yerdən kiçi daha bir planet (“Kepler-20 e”) aşkarlayıb. Lakin orada suyun mövcud olmasını qeyri-mümkün edəcək dərəcədə istilik var.

1350
Teqlər:
Kepler teleskopu, Kepler, Yer 2.0, yeni planet, yeni dünya, Kepler-452b, Kepler-452 b, Amerika Kosmik Agentliyi, NASA