Həkimlər

“Hamilə Qadınların Elektron Reyestri”nin tətbiqinə başlanıb

18
(Yenilənib 14:48 01.07.2015)
Azərbaycanda 2006-cı illə müqayisədə ana ölümü üzrə göstəricilər 3 dəfə azalıb.

BAKI, 1 iyul —Sputnik. Ana və uşaqlara göstərilən tibbi xidmətlərin ardıcıllığının təmin edilməsi məqsədi ilə Azərbaycanda “Hamilə Qadınların Elektron Reyestri”nin tətbiqi həyata keçirilir.

Sputnik Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planında hamilə qadınlara sistemli nəzarətin aparılması məqsədilə vahid elektron registrinin yaradılması nəzərdə tutulub. “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində “Hamilə Qadınların Elektron Reyestri”nin işlənib hazırlanması və tətbiqi həyata keçirilir.

2015-ci il iyunun 30-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Monitorinq, qiymətləndirmə və idarəetmə qərarlarının qəbul edilməsi üçün Hamilə Qadınların Elektron Reyestrinin istifadəsi”nə dair seminar keçirilib. “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunmuş seminarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə üzrə ofisinin rəhbəri K.Qaraxanov, Bakı şəhərində fəaliyyət göstərən doğum evlərinin baş həkimləri, qadın məsləhətxanalarının müdirləri iştirak ediblər.

Seminarda çıxış edən İSİM-in direktoru C. Məmmədov, Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsinin məqsədinin ana, uşaq və körpələr arasında ölüm hallarının və xəstəliklərin əsas səbəblərinin aradan qaldırılması və profilaktikasının yaxşılaşdırılması olduğunu qeyd etmişdir. Ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün səhiyyə məlumat sisteminin gücləndirilməsi məqsədilə layihə çərçivəsində bir sıra işlər görülüb – “Uşağın İmmunizasiya Pasportu” elektron modulu təkmilləşdirilib, 103 və 106 formalarının proqram təminatı yeniləşdirilib, hamilə qadınların elektron reyestri yaradılıb. Qazaxıstanda hamilələrin reyestrinin təşkili çox uğurla həyata keçirilir.

Daha sonra “Azərbaycanda hamilələrin reyestri” seminar iştirakçılarının nəzərinə çatdırılıb. Hamilələrin reyestrinin – hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib məlumatların toplanıldığı, qeydə alındığı və saxlanıldığı baza olduğu bildirilib. Hamilələrin reyestrinin əhəmiyyətindən və onlara informasiya baxımından yaratdığı imkanlardan söhbət açılıb.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssisi Azərbaycanda hamilələrin reyestrinin təşkili konsepsiyası haqqında ətraflı məlumat verərək, Minilliyin İnkişaf Məqsədlərindən üçünün səhiyyə məsələlərinə yönəldildiyini nəzərə çatdırıb. Bu məqsədlərdən irəli gələrək ana və uşaq sağlamlığının qorunması istiqamətində bir sıra sənədlər, konsepsiyalar və klinik protokollar hazırlanıb ki, nəticədə Azərbaycanda 2006-cı illə müqayisədə ana ölümü üzrə göstəricilər 3 dəfə azalıb.

“Hamilələrin elektron reyestri” ilə bağlı proqramla iştirakçıları Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin nümayəndəsi S.Əliyev tanış edib.


18