Türkiyə kəşfiyyatı Suriya sərhəddindəki vəziyyətdən narahatdır

10
(Yenilənib 08:27 01.07.2015)
Türkiyənin Milli Təhlükəsizlik Şurası (MGK) Suriya sərhəddindəki demoqrafik dəyişikliklər və terror aktları ilə başlayan böhranı müzakirə edib.

BAKI, 30 iyun —Sputnik. Türkiyənin Milli Təhlükəsizlik Şurası (MGK) Suriya sərhəddindəki demoqrafik dəyişikliklər və terror aktları ilə başlayan böhranı müzakirə edib. Toplantıdan sonra verilən və prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını da ifadə edən məlumatda İraq və Suriyada fəaliyyət göstərən İŞİD əsas hədəf götürülüb. MGK, bölgədə demoqrafik durumun dəyişməsinə və kürd silahlı qruplaşmalarının Türkiyə sərhədlərinə yaxınlaşmasına etirazını bildirib. Burada həmçinin sərhəd bölgəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb. 

MGK ötən gün Ərdoğanın rəhbərliyi altında Prezident Sarayında toplanıb. Burada baş nazir Əhməd Davudoğlu, baş qərargah rəisi Necdət Özəl, MGK üzvləri, nazirlər, hərbi komandanlar və kəşfiyyatın nümayəndələri iştirak edib. Dörd saata qədər davam edən toplantıda Türkiyə Silahlı Qüvvələrinin sərhəd bölgəsindəki hazırlıqları və qabaqlayıcı tədbirlər müzakirə edilib. Şuranın hərbu üzvləri əvvəlki iclaslarda olduğu kimi bu dəfə də hərbi əməliyyatlar zamanı gözlənilən risqləri diqqətə çatdırıblar. Milli Kəşfiyyat İdarəsi (MİT) isə Türkiyənin bufer zona qurmaq istədiyi Kobani ilə Efrin arasındakı bölgənin hazırkı vəziyyəti barədə məlumat verib. MİT bölgənin əhalisi, İŞİD təhlükəsi, bu təşkilatın dayaq nöqtələri və Dəməşq rejiminin vəziyyətini ifadə edən kəşfiyyat məlumatlarını təqdim edib.

İclasdan sonra yayılan sənəddə Ərdoğanın İŞİD əleyhinə ifadələrinə, Suriya və İraqla bağlı fikirlərinə yer verilib. Burada Suriya sərhəddinə yaxın ərazilərin demoqrafik disbalansı ilə bağlı narahatlıq ifadə olunub. "İraqın terror təşkilatları ilə mübarizəsi çərçivəsində baş verən proseslər, ölkəmizin və region ölkələrinin İraqla əlaqələri müzakirə edilib, İraqın sərhədləri daxilində yaşayan soydaş və qohum icmaların vəziyyəti həssaslıqla qiymətləndirilib." — sənəddə yazılıb. 


10