müdafiə naziri Zakir Həsənov

Nazir: Azərbaycan ordusu MDB məkanında ön sıradadır

8
(Yenilənib 11:30 24.06.2015)
Müdafiə naziri Zakir Həsənov 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü ilə əlaqədar olaraq ötən ildən bu günədək ordunun vəziyyəti, əsas prioritetləri, aparılan islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.

BAKI, 24 iyun-Sputnik. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşıb.

Sputnik xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 iyun — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü ilə əlaqədar olaraq ötən ildən bu günədək ordunun vəziyyəti, əsas prioritetləri, aparılan islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşərkən deyib.

Nazirin sözlərinə görə, ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması üzrə bir sıra əhəmiyyətli tədbirlər görülərək bu sahədə işlər davam etdirilir, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərinə diqqət artırılır.

“İlk növbədə, qeyd etmək istərdim ki, Ali Baş Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə döyüş hazırlığı ili elan olunub. Burada planlı şəkildə, mərhələlərlə mühüm məsələlər həyata keçirilir. Həm struktur, həm kadrlar baxımından mühüm işlər görülür. Qarşımıza qoyulan məqsəd isə hər bir hərbi qulluqçunun, tutduğu vəzifədən asılı olmayaraq, öz yerində tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə qadir olması və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasıdır. 

İstənilən səviyyələrdəki qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, təcrübəsi və vərdişləri təkmilləşdirilir. Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir. Bununla əlaqədar döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir.

Xüsusi qeyd etmək istərdim ki, qısa müddət ərzində tam təmin olunmuş yeni poliqonlar inşa edilib və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq şərait yaradılıb. Burada əsas məqsəd ordunu gələcək döyüşlərə hazırlamaq, zabit və əsgərlərin qarşısında duran vəzifələrin yüksək səviyyədə icrasını təmin etməkdir.”

Nazirin sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edilib. “Onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismarı qaydalarını bilmək imkanı əldə ediblər. Eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak edir.” – deyə Həsənov vurğulayıb.

Nazir onu da əlavə edib ki, keçən ilin avqustunda ilk dəfə Naxçıvanda, bu ilin aprelində Tiflisdə, mayında isə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi məqsədilə müdafiə nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. “Bu görüşlərin mühüm nəticəsi ondan ibarət olub ki, təhsil və tibb sahələrində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi məqsədilə Üçtərəfli Koordinasiya Qrupu yaradılıb” —deyə Həsənov bildirib.

 

8
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda vaksinasiya necə aparılacaq - Nazirlikdən izahat

0
(Yenilənib 18:09 15.01.2021)
Peyvəndlənmə olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışıb.

Sputnik Azərbaycan A.Rüstəmovun müsahibəsini təqdim edir:

- Vaksinasiyanı həyata keçirəcək tibb işçiləri üçün hər hansı təlim və ya kurs nəzərdə tutulubmu?

- Vaksinlər təlim kursu keçən tibb işçiləri tərəfindən ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi kurslara cəlb olunub. Burada əsas məqsəd tələb olunan əhaliyə uyğun sayda tibb personalının olmasıdır.

- Vaksinasiya prosesi necə həyata keçiriləcək?

- Vaksinasiya ilə bağlı poliklinikaya müraciət edən vətəndaşlar üçün bütün şərait və rahatlıq düşünülmüşdür. Poliklinikaya daxil olduğumuz zaman xüsusi işarələr bizi birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək. Bu otaqların sayı qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq bölunmüşdür. İlk öncə müraciət edən vətəndaş qeydiyyat otağında qeydiyyata alınır. Daha sonra vaksinasiya otağına ötürülür. Peyvəndlənmə olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa, vətəndaş evə buraxılır.

- Peyvəndlənmədən öncə vətəndaşlar üçün hər hansı bir prosedur qaydası varmı?

- Peyvəndlənmə yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir.

- Peyvənd otaqlarında saxlanma şəraiti necədir?

- Bir xüsusi məsələ də peyvəndlərin doğru saxlanılmasıdır. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilmişdir.

0
Teqlər:
Səhiyyə Nazirliyi, korona virusu, epidemiya, COVID-19

ANAMA ləğv edildi, əvəzində yeni agentlik yaradıldı

3
(Yenilənib 18:28 15.01.2021)
Yeni yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ANAMA-nın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

BAKI, 15 yanvar - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

3. Müəyyən edilsin ki:

3.1. Agentlik Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir;

3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

4.1.3. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Agentliyin yenidən təşkili və ləğvi;

4.2. Agentliyə:

4.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Agentliyin nizamnaməsinin layihəsini 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

7.5. dövlət qeydiyyatına alındığı gündən Agentliyin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

7.7. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

7.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik öz fəaliyyətini davam etdirsin.

9. Agentlik:

9.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin Agentlikdə müvafiq vəzifəyə təyin olunması üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

9.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin;

10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamı ləğv olunub.

Sənədə əsasən, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Beləliklə, yeni yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

3